Dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarına tədbirlərini davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək üçün Dayanıqlı Tədbirlər Bələdçisi hazırlamaqda dəstək göstəriləcək.
Dünyanın müxtəlif ölkələrində təşkilatlar və şirkətlər tədbirlərini daha dayanıqlı etmək barədə düşünürlər. Dayanıqlılıq dövri iqtisadiyyat prinsiplərinə əməl olunması, davamlı inkişaf məqsədlərinin dəstəklənməsidir. Bu, tədbirlər sənayesində sadəcə bir dəb deyil, həm də müasir dövrün vacib tələblərindən biridir. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin “Yaşıl Yol Xəritəsi” adlanan yeni layihəsi də bu məqsədə xidmət edir.
İctimai Birliyin və layihənin rəhbəri Fərman Nəbiyevin QHT.az -a açıqlamasına görə, mayın 1-dən başlayan və 4 ay davam edəcək layihə çərçivəsində Mingəçevir, Gəncə və Bərdədə hökumət, QHT və kommersiya qurumlarının nümayəndələri üçün canlı təlimlər təşkil ediləcək: “Onlara davamlı tədbirlərin idarə edilməsinin tərəfləri və vəzifələri, tədbirlərin ətraf mühitə təsiri və ekoloji izi, tədbir məkanının, qonaqlar və iştirakçılar üçün yaşayış yerinin seçilməsi, tədbirlərin təşkilində inklüziv yanaşmalar, qidalanma və davamlı inkişaf, davamlı tədbirlər sahəsində standartlar və sertifikatlar barədə ətraflı izahat veriləcək.
Layihənin sonunda dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatlarına tədbirlərini davamlı, ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı və inklüziv etmək üçün Davamlı Tədbirlər Bələdçisi hazırlamaqda mentor dəstəyi göstəriləcək. Nəticədə hər 3 bölgə üzrə tullantı miqdarının 20% azalmasına şərait yaranacaq”.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.