Reabilitasiya və mentor dəstəyi platforması layihəsi çərçivəsində ilk təlim keçirilib

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Reabilitasiya və Mentor Dəstəyi Platforması” layihəsi çərçivəsində ilk təlim uğurla baş tutub.

Layihə çərçivəsində keçirilən ilk təlimin mövzusu “Özünü tanıma və motivasiya” olub. Təlim tanınmış yazıçı və motivasiya üzrə mütəxəssis Rövşən Abdullaoğlu tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara özünü tanımanın insan həyatındakı rolu, daxili potensialın üzə çıxarılması, motivasiyanın qorunması, şəxsi inkişafın əsas prinsipləri və uğura aparan yollar barədə ətraflı məlumat verilib.

Rövşən Abdullaoğlu eyni zamanda müəllifi olduğu kitablar, onların məzmunu və insanın mənəvi inkişafına təsiri haqqında danışıb. Təlim iştirakçıları ilə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə 22 xanım iştirak edib. İştirakçılar mövzuya böyük maraq göstərərək müzakirələrdə fəal iştirak ediblər. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Tədbirin açılışında çıxış edən “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs cəza çəkmiş qadınların cəmiyyətə reinteqrasiyasına, onların sosial və psixoloji reabilitasiyasına dəstək göstərmək məqsədi daşıyır. O, iştirakçılara uğurlar arzulayıb və layihə çərçivəsində müxtəlif istiqamətlər üzrə təlim və mentorluq proqramlarının davam etdiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, “Reabilitasiya və Mentor Dəstəyi Platforması” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində reabilitasiya, şəxsi inkişaf, motivasiya, məşğulluq və mentorluq istiqamətlərində silsilə təlimlərin və görüşlərin keçirilməsi nəzərdə tutulub.