“Reabilitasiya və Mentor Dəstəyi Platforması” layihəsi çərçivəsində növbəti təlim keçirilib

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Reabilitasiya və Mentor Dəstəyi Platforması” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim uğurla baş tutub.

“Komanda işi və liderlik” mövzusuna həsr olunan təlim PR, media və kommunikasiya üzrə mütəxəssis, mentor Azər Nəzərov tərəfindən keçirilib.

Təlim zamanı iştirakçılara effektiv komanda quruculuğu, liderlik bacarıqlarının inkişafı, düzgün ünsiyyətin qurulması, əməkdaşlıq mədəniyyəti, məsuliyyət bölgüsü və komanda daxilində qarşılıqlı etimadın formalaşdırılması barədə ətraflı məlumat verilib. Eyni zamanda interaktiv müzakirələr aparılıb, real həyat nümunələri əsasında praktiki tövsiyələr təqdim olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təlimdə 22 xanım iştirak edib. İştirakçılar mövzuya böyük maraq göstərərək müzakirələrdə fəal iştirak edib, proqramın praktik əhəmiyyətini yüksək qiymətləndiriblər.

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova bildirib ki, layihənin əsas məqsədi cəza çəkmiş qadınların cəmiyyətə reinteqrasiyasına dəstək olmaq, onların şəxsi inkişafına, məşğulluq imkanlarının artırılmasına və sosial bacarıqlarının gücləndirilməsinə töhfə verməkdir.

“İnanırıq ki, reabilitasiya yalnız hüquqi proseslə yekunlaşmır. Cəmiyyətə uğurlu qayıdış üçün insanların bilik, bacarıq və özünəinamının artırılması vacibdir. Məhz buna görə də layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda təlimlər təşkil edirik. Komanda işi və liderlik kimi bacarıqlar iştirakçıların həm şəxsi inkişafına, həm də gələcək əmək fəaliyyətinə mühüm töhfə verəcək”, – deyə Firuzə İskəndərova vurğulayıb.

Qeyd edək ki, “Reabilitasiya və Mentor Dəstəyi Platforması” layihəsi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində reabilitasiya, şəxsi inkişaf, məşğulluq və mentorluq istiqamətlərində silsilə təlimlərin, maarifləndirici görüşlərin və mentorluq fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulur.