“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə Şabran rayonunda icra etdiyi layihənin icrası uğurla başa çatıb.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə elan etdiyi qrant müsabiqəsində Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi tərəfindən reallaşdırılan “Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi çərçivəsində Şabran rayonunun Daşlıyataq və Xırdaoymaq kəndlərində yerli sakinlərin iştirakı ilə tədbirlər keçirilib.

Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyinin sədri Gülsənəm Əmrahovadır.

Tədbirlərdə yaşıllaşdırma aksiyalarının təşkili barədə yerli sakinlərə ətraflı məlumatlar verilmişdir. İştirakçıların fikir və təklifləri dinlənilib, diskussiya və mülahizələr olunub. Bu sahədə vətəndaşların üzərinə düşən məsuliyyət prinsipləri ətraflı izah edilib.

Rayonun Təzəkənd kəndində açıq meşələrin bərpası məqsədilə 304 ədəd eldar şamı ağacları əvvəlcədən hazırlanmış ərazidə əkilmiş, suvarılması təmin olunub.

Yaşıllaşdırılan ərazidə layihənin ideya mövzusunu təbliğ edən informativ məlumat lövhəsi quraşdırılıb.

Layihənin davamlılığını və hesabatlılığını artırmaq məqsədilə informasiya vasitələrində və sosial şəbəkələrdə ətraflı press-relizlər dərc olunub. İctimai birliyin YOU-TUBE platformasında yerləşən “Şabran İcması İctimai Birliyi” adlı kanalında tədbirlərin video-görüntüləri yayımlanıb.