“Sağlam ailə dəyərlərinin təşviqi” layihəsinin icrasına başlanıb

“Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam ailə dəyərlərinin təşviqi” adlı layihənin icrasına başlamışdır.

İctimai birliyin sədri Əli Mirzəyev QHT.az-a bildirib ki,  layihənin məqsədi Şirvan şəhərində və qəsəbələrdə seminarlar və digər tədbirlər vasitəsi ilə gənclər arasında ənənəvi ailə dəyərlərinin təbliğ edilməsi, məişət zorakılığı, erkən nigahlar haqqında, onların yaranma səbəbləri, hüquqi, psixoloji və fizioloji fəsadları barədə məlumat verməklə bu sahədə müsbət irəliləyişlərə nail olmaq üçün QHT-lərin səylərini birləşdirmək və əlaqələndirməkdən ibarətdir.

Layihənin hazırlıq mərhələsi yekunlaşmışdır. Layihəyə cəlb olunan daimi və müvəqqəti işçilərlə müqavilələr imzalanmış, aidiyyatı qurumlara rəsmi məktublar göndərilmiş, tədbirlərin qrafiki razılaşdırılmış və təsdiq olunmuşdur. Aktiv gənc QHT nümayəndələrindən ibarət könüllülər qrupu yaradılmış, onlarla görəcəkləri işlər (sorğuların keçirilməsi, bukletlərin paylanması, tədbilərin keçirilməsinə dəstək və s.) barədə söhbətlər aparılmışdır.

Layihə çərçivəsində yerli əhali arasında sorğuların keçirilməsi, maarifləndirici seminarların və digər kütləvi tədbirlərin təşkil olunması nəzərdə tutulur.