Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi uğurla yekunlaşıb. İyun ayı ərzində Bərdə və Ağdam rayonlarında reallaşdırılan layihə çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları, gənclər və təhsil ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə silsilə görüşlər təşkil olunub.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yaşatmaq, onların ailələrinə mənəvi dəstək göstərmək, müharibə iştirakçılarının qəhrəmanlıq nümunələrini gənc nəslə çatdırmaq, eyni zamanda cəmiyyətdə vətənpərvərlik ruhunun və milli-mənəvi dəyərlərə bağlılığın daha da möhkəmləndirilməsinə töhfə vermək olub.
Layihənin icrasına 8 iyun 2026-cı il tarixində Bərdə İdarəetmə və Texnologiya Kollecində start verilib. Tədbirdən əvvəl layihə rəhbəri Naibə Behbudova şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onların sosial vəziyyəti, qarşılaşdıqları problemlər və qayğıları ilə maraqlanıb. Növbəti gün layihə Bərdə rayonunda Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbdə davam etdirilib. Burada da şəhid ailələri ilə görüş keçirilib, onların müraciət və təklifləri dinlənilib.

Layihənin növbəti mərhələsində tədbirlər Bərdə rayonundakı Milli Qəhrəman Səfiyar Behbudov adına 6 nömrəli tam orta məktəbdə və Ağdam Dövlət Sosial-İqtisad Kollecində təşkil olunub. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, müəllimlər və tələbələrin iştirak etdiyi görüşlərdə Vətən müharibəsinin tarixi əhəmiyyəti, qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və dövlətin şəhid ailələri ilə bağlı həyata keçirdiyi sosial siyasət geniş müzakirə olunub.

Layihənin yekun tədbiri 12 iyun 2026-cı il tarixində Ağdam rayonunun Baharlı 1 qəsəbə tam orta məktəbində keçirilib. Məktəblilər, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbir layihənin əsas ideyasını ümumiləşdirən platformaya çevrilib. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, qazilərin şücaətinin təbliğinin və gənc nəslin milli ruhda tərbiyəsinin dövlət və cəmiyyət üçün prioritet olduğu vurğulanıb.

Layihənin icrası müddətində müxtəlif təhsil müəssisələrində keçirilən görüşlər yalnız maarifləndirici tədbirlər kimi deyil, həm də şəhid ailələri və müharibə iştirakçıları ilə birbaşa ünsiyyətin qurulması, onların sosial vəziyyəti və qayğılarının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Görüşlər zamanı səsləndirilən təkliflər, aparılan müzakirələr və formalaşan ictimai dialoq layihənin qarşıya qoyduğu məqsədlərə nail olunduğunu göstərib.
Beləliklə, “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin yaşadılması, şəhid ailələri və müharibə iştirakçılarına mənəvi dəstəyin gücləndirilməsi, eləcə də gənclər arasında vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində mühüm nəticələr əldə etməklə uğurla başa çatıb.