“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində Bərdədə şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin icrasını uğurla davam etdirir.
Layihə çərçivəsində növbəti tədbir 08 iyun 2026-cı il tarixində Bərdə İdarəetmə və Texnologiya Kollecində təşkil olunub. Tədbirdən əvvəl layihə rəhbəri Naibə Behbudova şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onların sosial vəziyyəti və qarşılaşdıqları problemlərlə yaxından maraqlanıb.
Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, veteran və qazilərin qəhrəmanlıqlarını gənc nəslə tanıtmaq, uşaqların və gənclərin vətənpərvərlik ruhunda formalaşmasına töhfə vermək olub.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Naibə Behbudova açıq elan edib. Dövlət Himni səsləndirildikdən sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev belə layihələrin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb və şəhid ailələri ilə müharibə iştirakçılarına daim ehtiram göstərilməsinin vacibliyini qeyd edib.
Şəhid anaları Radə Qurbanova (şəhid Xudayarın anası), Əzizə Sadıqova və Xuraman Nağıyeva övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan danışaraq onların xatirəsinin yaşadılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu bildiriblər.
Müharibə iştirakçıları Çingiz Cəfərov və Rizvan Qasımov isə Vətən müharibəsində yaşadıqları döyüş yolundan bəhs edərək gənclərə Vətən sevgisi, birlik və dövlətə sədaqət ruhunda tövsiyələrini çatdırıblar.
Tədbirdə gənclər, müharibə iştirakçıları, şəhid ailələri və ictimai birlik nümayəndələri iştirak ediblər.
Sonda şəhidlərimizin əziz xatirəsi bir daha ehtiramla anılıb, bütün şəhidlərimizə Allahdan rəhmət dilənib.