“Süni intellektin media sektoruna təsirləri” mövzusunda konfrans keçirilib

Azərbaycan Mətbuat Şurasının konfrans zalında “Süni intellektin media sektoruna təsirləri” mövzusunda konfrans keçirilib.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, konfrans Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən təşkil olunub. O, mövzunun aktuallığından bəhs edərək vurğulayıb ki, süni intellekt sistemlərindən istifadənin səmərəliliyinin artırılması, bu texnologiyaların media mühitində yaratdığı yeni çağırışların düzgün qiymətləndirilməsi baxımından belə müzakirələrin keçirilməsi zəruridir.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli çıxışında bildirib ki, konfrans “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində keçirilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Müşfiq Ələsgərli vurğulayıb ki, layihənin əsas məqsədi generativ süni intellekt (AI) sistemlərinin media sektoruna müsbət və mənfi təsirlərini, eləcə də bu texnologiyalardan səmərəli istifadə ilə bağlı beynəlxalq nəzəri yanaşmaları araşdırmaq olub. Əldə olunan nəticələr əsasında məlumat bazası formalaşdırılıb və Azərbaycan auditoriyasına təqdim edilib: “Layihə çərçivəsində AI sistemlərinin mediada effektiv istifadəsi ilə bağlı beynəlxalq akademik mərkəzlər tərəfindən irəli sürülən müasir elmi yanaşmalar araşdırılaraq ümumiləşdirilib. Araşdırmaların nəticələri 12 məqalə şəklində hazırlanaraq müxtəlif media subyektlərində dərc olunub”.

Layihə koordinatoru onu da bildirib ki, Azərbaycan mediasında süni intellekt texnologiyalarından istifadənin etik və peşəkar prinsiplərinin müəyyənləşdirilməsi istiqamətində təşəbbüslər artır. Bu baxımdan bəzi media qurumlarında redaksiya daxilində süni intellektdən istifadə qaydalarını müəyyən edən xüsusi sənədlərin hazırlanmasına başlanılıb: “Mən ‘Xalq qəzeti’ndə hazırlanmış kodekslə tanış olmuşam. Qəzetin baş redaktoru Əflatun Amaşovun rəhbərliyi ilə hazırlanmış bu sənəd beynəlxalq təcrübəyə əsaslanır. Hesab edirəm ki, bu cür təcrübələrin digər redaksiyalarda da tətbiqi məqsədəuyğun olardı”.

Layihənin eksperti, “Report” İnformasiya Agentliyinin əməkdaşı Araz Zeynalov bildirib ki, layihə çərçivəsində süni intellektin media sektorunda yarada biləcəyi risklərin azaldılması istiqamətində beynəlxalq səviyyədə həyata keçirilən fəaliyyətlər və müvafiq təşkilatların tövsiyələri də araşdırılıb: “Bu kontekstdə UNESCO-nun ‘Süni intellekt etikası üzrə Tövsiyəsi’, Avropa İttifaqının ‘Süni intellekt aktı’, eləcə də beynəlxalq jurnalist təşkilatlarının qəbul etdikləri “Süni intellekt və jurnalistika üzrə Beynəlxalq Xartiya”nın əsas prinsipləri öyrənilərək Azərbaycan auditoriyasına təqdim olunub”. Araz Zeynalov əlavə edib ki, layihə çərçivəsində mövzu ilə bağlı iki podkast hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb.

Konfransda Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Aznews” xəbər saytının baş redaktoru Taleh Şahsuvarov, CASCFEN sədri Nadir Azəri, QHT.az xəbər portalının baş redaktoru Cəsarət Hüseynzadə, “Mətbuat.az” xəbər saytının baş redaktoru Ramil Mirzəyev və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda Azərbaycan mediasında AI texnologiyalarından etik, məsuliyyətli və səmərəli istifadə vərdişlərinin formalaşdırılması, redaksiyalarda bu texnologiyalardan istifadəyə dair institusional qaydaların hazırlanması, jurnalistlərin yeni texnoloji imkanlar və potensial risklər barədə maarifləndirilməsinin əhəmiyyəti ilə bağlı fikir və təkliflər səsləndirilib.