Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə dəyişikliləri imzalayıb.
Yeni qaydalara əsasən, hərbi xidmətdən azad edilərək ehtiyata keçirilən vətəndaşlar üçün qeydiyyat müddəti uzadılıb.
Əvvəlki qanunvericiliyə görə, ehtiyata buraxılan şəxslər 3 gün ərzində hərbi qeydiyyata düşməli idilər. Yeni dəyişikliklə bu müddət 7 günə çatdırılıb. Beləliklə, vətəndaşlar (müvafiq qanunun 4.4-cü maddəsindəki istisnalar xaric) yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət edərək bir həftə ərzində qeydiyyata alınmalıdırlar.
Dəyişiklikdə hərbi vəzifəlilər və çağırışçıların yaşayış ünvanını dəyişməsi ilə bağlı bənd də yer alıb. Əgər şəxs yaşayış yerini 3 aydan artıq müddətə dəyişirsə, o, əvvəlki hərbi qeydiyyatından çıxmalı və yeni olduğu ünvan üzrə qeydiyyata durmalıdır.
Sənəddə ehtiyatda olan şəxslərin tibbi müayinəsinin təşkili qaydaları da dəqiqləşdirilib:
Xəstəliyi səbəbindən xidmət keçmədən ehtiyata ayrılan şəxslər 30 yaşına qədər yenidən müayinə oluna bilərlər.
Əgər həmin şəxslər müayinə nəticəsində sağlam və xidmətə yararlı sayılarlarsa, yenidən çağırışçı siyahısına qaytarılır və müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Vətəndaşların tibbi yoxlanılması prosesinə cəlb edilən tibbi personalın da maraqları qorunur. Belə ki, bu işlərlə məşğul olan tibbi heyətin əsas iş yerlərindəki orta aylıq əməkhaqları proses müddətində saxlanılacaq.