Milli Məclisdə bələdiyyələrin problemləri müzakirəyə çıxarılıb. Böyükşəhər bələdiyyələrinin yaradılması, bələdiyyələrin əmlakı ilə bağlı məsələlərin həllini tapması vacib məsələ kimi vurğulanıb. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov bildirib ki, iri şəhərlərdə vahid “Böyük şəhər bələdiyyəsi” modelinin yaradılması imkanları nəzərdən keçirilməlidir. Bələdiyyələrin ərazi sərhədlərini əks etdirən xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin effektivliyini artıracaqdır.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, keçirilən müzakirələr, səsləndirilən təkliflər bələdiyyələrin problemlərinin həllinin yaxınlaşdığından xəbər verir:
- Son illərdə, xüsusən də, son seçkidən sonra formalaşan Milli Məclisin üzvlərinin bələdiyyələrə qarşı münasibəti deyərdim ki, müəyyən mənada müsbətə doğru bir xeyli dəyişib. Milli Məclisin komitə və plenar iclaslarında bələdiyyələrə qarşı ciddi ittihamlar, o cümlədən sərt şəkildə bələdiyyələrin fəaliyyətinin tənqidinə rast gəlinmir. Artıq bələdiyyələrin səmərəli fəaliyyəti ilə bağlı, habelə onların üzləşdiyi problemlərin həlli ilə bağlı fikirlərin səsləndirilməsi, açıq etiraf edim ki, diqqəti çəkir. Bu gün bələdiyyələrin əmlakla bağlı problemlərinə son verilməsi məsələsi hətta Böyükşəhər bələdiyyələrinin təsis edilməsi, MM üzvlərinin bələdiyyə sədləri ilə birgə görüşlərin keçirilməsi, mütəmadi olaraq bələdiyyələrin inzibati binasının ziyarət edilməsi bütün hallarda iki seçkili orqanının hər ikisinin cəmiyyətdə çəki və nüfuzunun artımasın əvəzsiz təsiri var. QHT təmsilçisi olaraq uzun illər əvvəl səsləndirdiyim təkliflərin bu gün MM üzvləri tərəfindən ürəklə səsləndirilməsi, bununla bağlı hətta təkliflərin və həlli yollarının göstərilməsi ürəkaçan məqamlardır. İstər komitə üzvləri tərəfindən, istərsə də digər deputatların səsləndirdikləri məqamlar bələdiyyələrin problemlərinin həllinin yaxınlaşdığından xəbər verir. Düşünürəm ki, iki seçkili orqanın qarşılıqlı münasibəti bu şəkildə davam edərsə bələdiyyələrin həm fəaliyyətinin təbliğində, həm də üzləşdikləri problemlərin həllində irəliləyişin olacağına heç bir şübhəm yoxdur.
V.Tofiqli qeyd etdi ki, Böyük şəhər bələdiyyələri institutu dünya təcrübəsində, o cümlədən qardaş Türkiyədə uzun illərdir mövcuddur və bu sistemin işləkliyi özünü sübut edib artıq. Türkiyədə bələdiyyələr bizim icra hakimiyyətləri səlahiyyətindədir, hətta ondan da yüksək, vacib səlahiyyətlərə malikdirlər:
- Ölkəmizdə də bu sistem yaradılarsa və bələdiyyələrin vəzifə və slahiyyətləri, mailiyyə resursları ilə yanaşı dəqiq təsbit edilərsə, bu sahədə, əminəm ki, ciddi irəliləyişlər olacaq, vətəndaşlar da razı qalacaqlar.