ABŞ-İran danışıqlarında yekun razılaşma ehtimalı çox azdır - ANALİTİK

The Wall Street Journal nəşrinin İran mənbələrinə istinadla yaydığı məlumata görə, Cenevrədə keçirilən danışıqların üçüncü raundu tərəflər arasında ciddi fikir ayrılıqlarını üzə çıxarıb. Bildirilir ki, Tehran ABŞ-nin nüvə proqramı ilə bağlı irəli sürdüyü əsas tələbləri – uran ehtiyatlarının ölkə xaricinə çıxarılması, zənginləşdirmənin dayandırılması və nüvə obyektlərinin sökülməsi kimi şərtləri qəbul etməyib. Bununla yanaşı, rəsmi açıqlamalarda məsləhətləşmələrin davam etdiyi və gələcək sazişin elementləri üzrə müzakirələrin başladığı da vurğulanır.

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a söyləyib ki, Amerika və İran arasında aparılan danışıqlarda yekun nəticəyə çatmaq ehtimalı çox azdır:

"Hər iki tərəf danışıqlar masasında olsa da, ortaq mövqeyə gəlmək çətindir. Amma hər iki tərəfin masada olmasının səbəbləri var. Amerika, hələ də İrana hərbi müdaxilənin nəticələrini daşıya bilməyəcəyini bilir və daxildə bu məsələdə konsensus yoxdur. Bu səbəbdən Donald Tramp administrasiyası daha ehtiyatlı davranır və çalışır ki, İranı danışıqlar masasında məcbur etsin. Digər tərəfdən, Amerika region ölkələrinin də İrana hərbi müdaxiləyə qarşı çıxmasını nəzərə alır. Bu situasiyada Tramp administrasiyası həm daxildəki müxalif qüvvələrə, həm də Türkiyə və digər ərəb ölkələrinə göstərir ki, mümkün olan hər şeyi etdik, amma İran razılaşmadığı üçün alternativ yoxdur. Beləliklə, ABŞ həm daxildə, həm də regionda razılıq qazanmış olur.Eyni zamanda, Trump administrasiyası hesab edir ki, hərbi qüvvələrin İran tərəfindən toplanması və zərbələrin mümkün olması İran hakimiyyətini yekunda razılaşmağa məcbur edə bilər. Bu variant istisna edilmədiyi üçün danışıqlar prosesi davam etdirilir.

Analitik qeyd edib ki, İran rejimi isə danışıqlara müxtəlif səbəblərlə davam edir:

" Bir tərəfdən, hər hansı müdaxilənin qarşısını almaq üçün imkan yaradır. Digər tərəfdən, zaman qazanır və bu müddətdə daxili hazırlıqlarını tamamlayır, hətta hakimiyyətin ötürülməsi və yeni bir varisin seçilməsi prosesi də baş verə bilər. İran üçün uranın zənginləşdirilməsini simvolik şəkildə saxlamaq da əhəmiyyətlidir. Bu, həm daxildə, həm də regionda rejimin təslim olmadığını göstərmək üçün istifadə olunur. Bu kontekstdə, razılaşma ehtimalı az görünür və hərbi müdaxilənin baş verməsi riski hələ də mövcuddur. Həmçinin, danışıqlar davam etdiyi müddətdə Amerika müəyyən hədəflərə zərbələr endirərək İranı ciddi olduğunu göstərmək və tələblərinə razı salmaq istəyir".

Ekspertin sözlərinə görə Omandakı təmaslarla Cenevrədəki danışıqların gündəliyi eynidir:

"Amerika burada da konkret tələblər irəli sürür. Bura nüvə və raket proqramından imtina etmək, proksi qüvvələrə dəstək verməmək və.s daxildir. Hətta ABŞ tərəfi İranda yeni liderin seçilməsini də tələb edir. Rəsmi Tehran isə bunları tələb etmir və yalnız nüvə proqramıyla bağlı danışıqlar aparmaq niyyətində olduğunu deyir. Lakin hələ də tərəflər razılaşma imkanlarını qiymətləndirir".