AEBA: Qazaxıstanın atom stansiyası layihəsinə tam dəstək veriləcək

AEBA Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsinə tam dəstək verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi Vyanada keçirilən görüşdən sonra məlumat yayıb.

Görüş Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi arasında baş tutub.

Görüşdə AEBA Qazaxıstanın AESS tikintisi layihəsinin bütün mərhələlərinə dəstək göstərməyə hazır olduğunu bildirib. Qrossi həmçinin qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün "yol xəritəsi"nin hazırlanmasını təklif edib.

AEBA rəhbəri Qazaxıstanın atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində təşəbbüslərini yüksək qiymətləndirib.

Tərəflər atom enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını təsdiqləyiblər.