Livandakı müharibə və anlaşılmazlıqlar sülhü hələ uzaq edir
Turab Rzayev: "Müharibənin başlanğıcından bu yana sülh ehtimalı çox aşağıdır"
ABŞ, İsrail və İran arasında davam edən müharibə 41-ci günündə də yüksək gərginlik fonunda davam edir. Mövcud atəşkəsin kövrək xarakter daşıdığı bildirilir və tərəflərdən gələn açıqlamalar vəziyyətin hər an yenidən alovlana biləcəyini göstərir.
Sherg.az xəbər verir ki, Pakistan rəsmilərinin Anadolu Agentliyinə verdiyi məlumata görə, ABŞ və İran nümayəndə heyətləri İslamabadda birbaşa danışıqlara hazırlaşır. Mənbələr bildirir ki, əsas məqsəd “davamlı atəşkəs” əldə etməkdir və görüşlərin bir gündən artıq davam edə biləcəyi istisna olunmur. Bu, tərəflər arasında diplomatik kanalların açıq qaldığını göstərən mühüm siqnal kimi qiymətləndirilir. Bununla yanaşı, İsrailin Baş naziri Benyamin Netanyahu Livana hücumların davam edəcəyini bəyan edib. Bu açıqlama müvəqqəti atəşkəsin regionun bütün nöqtələrini əhatə etmədiyini və gərginliyin coğrafi baxımdan genişlənmə ehtimalının qaldığını ortaya qoyur. Tehrandan verilən sərt mesaj isə diqqət çəkir. İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Ekreminiya bildirib ki, rəsmi Tehran danışıqlara ehtiyatla yanaşır və uğursuzluq halında uzunmüddətli müharibəyə hazırdır. O vurğulayıb ki, İranın hərbi hazırlığı davam edir və “gözləri düşmənin üzərində, barmaqları tətikdədir”. Bu bəyanat İranın həm diplomatiya, həm də hərbi ssenarilərə paralel hazırlaşdığını göstərir. Digər tərəfdən, İsrail ordusu Hizbullahla bağlı ziddiyyətli açıqlama verib. İlk məlumatda təşkilatın lideri Naim Kasımın və onun yeğəninin öldürüldüyü bildirilsə də, sonradan düzəliş edilərək yalnız yeğəni və Hizbullah katibi Əli Yusuf Harşinin həlak olduğu açıqlanıb. Diplomatik cəbhədə isə qeyri-müəyyənlik davam edir. İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəmin sosial şəbəkədə paylaşdığı və İran heyətinin Pakistana gedəcəyini bildirdiyi məlumatın qısa müddət sonra silinməsi danışıqların taleyi ilə bağlı sualları daha da artırıb. Beləliklə, 41-ci günə qədəm qoyan müharibədə həm diplomatik ümidlər, həm də hərbi risklər paralel şəkildə davam edir. Ekspertlər hesab edir ki, atəşkəsin taleyi məhz yaxın günlərdə keçiriləcək danışıqlardan asılı olacaq.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, bu müharibənin düzgün başa düşülməmiş hissələrindən biridir:
“Hətta ABŞ-nin vitse-prezidenti etiraf etdi ki, bu məsələdə anlaşılmazlıqlar olub. İran tərəfi elə başa düşmüşdü ki, Livanda müharibənin dayandırılması atəşkəsə daxildir, amma əslində daxil deyildi. Faktiki olaraq, Netanyahuya əməliyyatı davam etdirmək üçün yaşıl içıq yandırırlar. İran isə səhər saatlarında Ərəb ölkələrindəki müəyyən müəssisələrə, xüsusilə ABŞ-yə məxsus neft müəssisələrinə zərbələr endirdi. Bu, göstərir ki, onlar Livana hücumlara səssiz qalmayacaq”.
Analitik əlavə edib ki, müharibənin başlanğıcından bəri sülh ehtimalı çox aşağıdır, çünki tərəflərin mövqeləri tamamilə fərqlidir:
“İranın istəkləri ABŞ, ABŞ-nin ortaya qoyduğu şərtlər isə İran tərəfindən qəbul edilə bilməz. Belə vəziyyətdə atəşkəs necə reallaşa bilər? Tərəflərin mövqeləri müəyyən qədər formalaşmalıdır. Burada Pakistan faktoru da önəmlidir. Pakistanı təkcə öz adı ilə deyil, həm Türkiyə və Səudiyyə Ərəbistanı ilə birgə hərəkət edən blok kimi qiymətləndirmək olar. Bu blok müəyyən təzyiq vasitəsi rolunu oynayır. Ərəb ölkələrinə olan hücumların dayandırılması istənir. Pakistanın Çinlə xüsusi əlaqələri olduğundan, Çin tərəfi də artıq İranı inandırıb ki, münaqişəni davam etdirməyə ehtiyac yoxdur. Digər tərəfdən Amerika böyük hücum planlaşdırırdı. Əgər ABŞ böyük hücumlar etsəydi, daha böyük dağıntılar və vəhşiliklər baş verə bilərdi. Pakistan tərəfi bunun fərqində olaraq vasitəçi rolunu oynamağa çalışır. ABŞ isə İranla hücum planlarını Bəlucistan ərazisində həyata keçirə bilər. Çox güman oradakı qruplardan istifadə edəcək. Pakistan da bunu bildiyi üçün hərəkətə keçdi. Ümumiyyətlə hazırkı atəşkəs kövrəkdir və uzun müddət davam etməyəcək”.