Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın yeni ali liderinin seçilməsinin regionda sülhün möhkəmlənməsinə töhfə verə biləcəyini bildirib. Türkiyə lideri bu barədə martın 10-da iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı deyib.
Ərdoğan Müctəba Xameneinin İranın ali lideri vəzifəsinə seçilməsinin regionda vəziyyətin sabitləşməsinə və sülhün təmin olunmasına müsbət təsir göstərəcəyinə ümid etdiyini qeyd edib.
Xarici siyasət üzrə türk ekspert və jurnalist Emre Diner Sherg.az-a bildirib ki, Prezident Ərdoğanın “İranda yeni dini liderin seçilməsinin bölgədə sülhün güclənməsinə töhfə verə biləcəyi” ifadəsi açıq mesajdır:
"Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Müctəba Xameneinin liderliyi Yaxın Şərqdəki gərginlikləri azalda və regional sabitliyə töhfə verə bilər. Prezident Ərdoğanın açıqlaması dəstəkdən daha çox arzu və ümid xarakteri daşıyır. Ərdoğanın “alov halqasına dönmüş” Yaxın Şərqin sabitliyə qovuşması arzusu ilə istifadə etdiyi bu ifadə dövlətlərarası münasibətlərdə gərginlik əvəzinə əməkdaşlıq və sabitlik gözləntisini vurğulamaq üçün işlədilir. Eyni zamanda, Ərdoğanın bu açıqlaması müəyyən dərəcədə bir fikrə də eyham vurur. Bu fikir İranda liderlik dəyişikliyinin Yaxın Şərqdəki siyasi və təhlükəsizlik balansına təsir göstərə biləcəyidir.
Ekspert Azəebaycan və Türkiyənin balanslı siyasət yürütdüyünü qeyd edib:
"İlham Əliyev də İranla təmasa keçib. O, Müctəba Xameneiyə təbrik məktubu göndərib. Bu da onu göstərir ki, Türkiyə ilə Azərbaycan bölgədə balans siyasəti məsələsində ortaq hərəkət edirlər".