Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələri siyasi qüvvələr tərəfindən iyunun 19-dək Konstitusiya Məhkəməsində mübahisələndirilə bilər.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumat verib.
Onun sözlərinə görə, iyunun 19-u siyasi qüvvələrin Konstitusiya Məhkəməsinə müraciət edə biləcəyi son tarixdir və sonrakı proseslər məhkəmənin qərarından asılı olacaq.
MSK sədri həmçinin bildirib ki, səsvermənin yekun nəticələri iyunun 14-də açıqlanacaq. Yalnız bundan sonra hansı partiyanın qalib gəldiyi barədə rəsmi danışmaq mümkün olacaq.
Qeyd edək ki, ilkin nəticələrə əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi partiya səslərin 50 faizindən çoxunu toplaya bilməyib. Bununla belə, siyasi qüvvə Ermənistan parlamentində 40-dan çox mandat qazanıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi seçkilərin ciddi təzyiq şəraitində keçirildiyini bəyan etmişdi.