Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi parlament seçkilərindən sonra səsvermə öncəsi və seçki günü qeydə alınan qanun pozuntuları ilə bağlı yeni axtarışlar və həbslər həyata keçirəcəyini açıqlayıb.
Sherg.az-ın məlumatına görə, Komitə sədri Artur Naapetyan bildirib ki, iyunun 8-9-da bu faktlarla bağlı 115 cinayət işi açılıb. İşlər üzrə 240-dan çox şəxs təqsirləndirilir, onlardan 100-ü həbs edilib.
Cinayət işlərinin əksəriyyəti seçkiqabağı rüşvətvermə, səs satınalma və seçki kampaniyası dövründə xeyriyyəçilik qadağasının pozulması ilə bağlıdır.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,8 faizini toplayaraq birinci olub. Seçkilərdə iştirak səviyyəsi 58,94 faiz təşkil edib.