Ermənistanda yeni parlament Konstitusiya və Seçki Məcəlləsində təsbit olunmuş “sabit parlament çoxluğu” prinsipi əsasında formalaşdırılacaq. Milli Məclis proporsional seçki sistemi ilə seçilir və minimum 101 deputatdan ibarət olur.
Sherg.az xəbər verir ki, yeni qaydalara əsasən, partiyalar parlamentə düşmək üçün ən azı 4 faiz səs toplamalıdır. Seçki blokları üçün keçid həddi iştirakçıların sayından asılı olaraq 8-10 faiz arasında dəyişir. Əgər yalnız bir və ya iki siyasi qüvvə seçki baryerini keçərsə, üçüncü ən çox səs toplamış siyasi qüvvə də parlamentdə təmsil olunacaq.
Hər hansı siyasi qüvvə mandatların 50 faizdən çoxunu, lakin 52 faizdən azını qazanarsa, ona sabit çoxluğun təmin edilməsi üçün əlavə mandatlar veriləcək. Bu, hökumətin təkbaşına formalaşdırılmasına imkan yaradır.
Heç bir siyasi qüvvə parlament çoxluğu əldə etmədikdə, koalisiya danışıqları başlayır. Doqquz gün ərzində koalisiya qurulmasa, seçkilərin ikinci mərhələsi keçirilir.
İkinci turda birinci mərhələdə ən çox səs toplamış iki siyasi qüvvə mübarizə aparır. Səsvermə ilk turdan 35 gün sonra keçirilir və qalib tərəfə parlamentdə 52 faizlik çoxluğu təmin etmək üçün əlavə mandatlar ayrılır.