Azərbaycan oyun nəzəriyyəsi ilə üstün mövqeyə keçir
Xəzərdə Rusiyadan sonra ən güclü donanma Azərbaycandadır
"İsrailin Azərbaycana elədiyi ən böyük yaxşılıq, Xəzərdə İrana aid hərbi donanmanı yox etməsidir. Hazırda Xəzərdə Rusiyadan sonra ən böyük hərbi güc Azərbaycana aiddir".
Sherg.az xəbər verir ki, bu barədə Hüquq üzrə fəlsəfə doktoru, politoloq Fərhad Mehdiyev deyib.
Professor qeyd edib ki, Xəzərin statusu artıq konvensional şəkildə tənzimləndiyinə görə, Xəzərin dibi ilə bağlı gərginliklərin olması ehtimalı xeyli azalıb:

" Bununla belə sektorların sərhədində olan obyektlərin kimin sektoruna düşdüyü mübahisələr doğura bilir. Xəzərdə güc balansının bizim xeyrimizə dəyişməsi, İranın bizimlə gələcəkdə daha mehriban davranmasına və konfrontasiyadan qaçmasına səbəb olacaq. "Oyun nəzəriyyəsini" tətbiq etdiyimiz halda, Azərbaycan bir çox məsələdə - Zəngəzur korridoru daxil olmaqla - daha üstün bazarlıq mövqeyinə keçir. Hazırda Azərbaycanın İrana "humanitar yardım" göstərməsi, mükəmməl bir siyasi gedişdir və "oyun nəzəriyyəsinə" tamamilə uyğundur. Dronun Azərbaycan tərəfinə düşməsindən sonra Prezindetin bir tərəfdən sərt mövqe qoymaqla digər tərəfdən humanitar yardıma getməsi, yenə game theory-yə uyğun olaraq atılan addımdır və mənası da budur: mənimlə konfrontasiyaya getsən sərt üzümü görəcəksən, amma neytrallığını qorusan bundan faydalanacaqsan. Belə bir münasibət həm də gələcəkdə zəifləmiş İranla öz xeyrimizə olan preferensial münasibətlərin qurulmasına xidmət edir".