Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti "Güclü Ermənistan" blokunun etibarlı nümayəndəsinin saxlanıldığını bildirib.
Sherg.az xəbər verir ki, İstintaq Komitəsinin versiyasına görə, blokun etibarlı nümayəndəsi Geğarkunik vilayətinin Geğamasar icmasında yerləşən 20/56 saylı seçki məntəqəsində iki dəfə səs verməyə cəhd edib. Şəxsiyyətin identifikasiyası aparatı təkrar səsvermə cəhdini aşkar etdikdən sonra həmin şəxs saxlanılıb.
Bu fakt üzrə cinayət işi başlanıb. İlkin istintaq davam edir.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilir. Səsvermə hüququna Ermənistanın 2 milyon 503 min 976 vətəndaşı malikdir. Seçkilərdə 2 blok və 16 siyasi partiya iştirak edir.
Bunlar "Ermənistan" və "Güclü Ermənistan" blokları, həmçinin "Vətəndaş Müqaviləsi", "Çiçəklənən Ermənistan", "Meritokratik Ermənistan", "Hamıya Qarşı", "Demokratik Konsolidasiya", "Birliyin Qanadları", "Maariflənmiş Ermənistan", "Milli-Demokratik Qütb", Xristian-Demokrat Partiyası, Erməni Milli Konqresi, "Yeni Güc", "Respublika", İslahatçılar Partiyası, "Demokratiya, Qanun, Nizam", "Koçari Millətinin Milli Dirçəlişi və Oyanışı", eləcə də "Respublika naminə Demokratiyanın Müdafiəçiləri İttifaqı" partiyalarıdır.
Partiyalar üçün seçki baryeri 4%, üçədək partiyadan ibarət bloklar üçün 8%, dörd və daha çox partiyadan ibarət bloklar üçün isə 10% təşkil edir. Seçici fəallığı üçün minimum hədd müəyyən edilməyib.