Gürcüstanla Rusiyanı birləşdirəcək yeni Kveşeti-Kobi avtomobil yolu 2028-ci ildə istifadəyə veriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan infrastruktur nazirinin müavini Mzia Giorgobiani parlamentdə çıxış edərkən bildirib.
"Layihənin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır. Yol 2028-ci ildə istifadəyə veriləcək", - Giorgobiani deyib.
Onun sözlərinə görə, yeni avtomobil yolu iki hissədə tikilir. Birinci hissə 2024-cü ildə çəkilmiş 9 kilometrlik tuneldir. Hazırda tunelin tikintisini tamamlanır.
İkinci hissə isə 12,7 kilometr uzunluğunda olan tunelə giriş yoludur. Bu mərhələdə 4 tunel, 5 yeni körpünün tikintisi gedir. Daha bir körpü təmir olunacaq.
Bundan əvvəl Gürcüstanın infrastruktur naziri Revaz Soxadze Rusiyaya aparan yolun 2027-ci ildə açılacağını bildirmişdi.