Hər keçən gün ABŞ-nin xeyrinə işləyir - ŞƏRH

“Hərbi əməliyyatlar geniş miqyasda mütləq bərpa ediləcək. Çünki ABŞ və İsrail buna hazırlaşmaqdadır"

"Vəziyyəti izləyən hər kəs anlayır ki, Mustafa Xameneinin hadisələrə təsir imkanları sadəcə sözdədir"

ABŞ-İran münasibətlərində gərginliyin növbəti mərhələsi başlayır. İslamabadda keçirilən ilk təmaslardan sonra Tehran-Vaşinqton xəttində ikinci raundun baş tutmaması İran daxilində qərarvermə mexanizminin mahiyyəti ilə bağlı mühüm sualları yenidən gündəmə gətirib. İran parlamentində səslənən son açıqlamalar göstərir ki, rəsmi danışıqlar masasının arxasında görünən fiqurlardan daha çox, prosesin taleyini müəyyən edən qapalı güc mərkəzləri var. Müctəba Xameneinin ikinci mərhələyə razılıq vermədiyi barədə iddialar da məhz Tehranda siyasi iradənin kim tərəfindən formalaşdırıldığına dair müzakirələri daha da aktuallaşdırır. Bu fonu daha da sərtləşdirən əsas amil isə Vaşinqtonun ritorikasıdır. Donald Trampın İrana yönəlik açıq təhdid xarakterli bəyanatları göstərir ki, ABŞ bu mərhələdə diplomatik yumşalma yox, daha çox təzyiq və psixoloji üstünlük xəttini seçib. Beləliklə, tərəflər arasında danışıqların dayanması təkcə diplomatik fasilə deyil, həm də regionda yeni siyasi və hərbi gərginlik mərhələsinin anonsu kimi qiymətləndirilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Müctəba Xameneinin danışıqlara icazə verib-verməməsi mübahisəli mövzudur:

“Çünki bu iddia edilir və bizim bunu yoxlamaq üçün imkanlarımız yoxdur. Lakin vəziyyəti izləyən hər kəs anlayır ki, Müctəba Xameneinin hadisələrə təsir imkanları sadəcə sözdədir, deklarativ deyil. Bu dəqiqə İranı İnqilab Keşikçiləri Korpusunun rəhbəri - daha dəqiq desək, SEPAH və Pasdaran adlanan bu təşkilatın komandanı General-leytenant Əhməd Vahidi idarə edir. İslamabadda keçirilmiş danışıqlarda İran nümayəndə heyətinin rəhbərlik edən şəxs isə İran parlamentinin spikeri Qalibaf və yaxud da İranın Xarici İşlər Naziri Əraqçı deyildir. Real rəhbər SEPAH generalı və orada yetərli gücə malik olan Məhəmməd Bağır Zülqədiridir. Eyni zamanda İranın xarici siyasətini müəyyənləşdirən digər bir şəxs isə SEPAH-da yetərincə nüfuz sahibi olan və İran mühafizəkar kölgə liderlərindən sayılan Səyyid Cəlilidir. Belə bir şəraitdə danışıqları biz istəmədik demək bir qədər, şübhəli məsələdir”. 

Analitik qeyd edib ki, ABŞ-nin tətbiq etdiyi dəniz embarqosu İran iqtisadiyyatına hər gün orta hesabla 520 milyon dollar minimal ziyan vurmaqdadır:

“İranın neft mədənləri bu dəqiqədə dolmaq üzrədir və hasil edilən nefti toplamaq üçün artıq rezervuarlar çatışmır. İran məcburdur ki, vaxtı ilə təkrar metala yolladığı tankerləri, rezervuarları bərpa etsin və nefti ona toplasın. Hər keçən gün ABŞ-nin xeyrinə işləyir. Danışıqlarda əslində ABŞ maraqlı deyil, çünki blokada davam etdiriləcək. Hətta çox yaxın müddətdə İran səmasın uçuşa qadağan zona elan ediləcək. Bundan sonra da blokada vasitəsilə İran iqtisadiyyatına ağır ziyan vurulmağa çalışılacaq. Ümumiyyətlə İranda bu dəqiqə çox ağır bir iqtisadi vəziyyət hökm sürür. Düşünmürəm ki, İran hakimiyyətindəki bu vəziyyət həll etsin. Sadəcə bu bəyanat pis oyunda yaxşı sima göstərmək cəhdidir”.

Hərbi əməliyyatların bərpasına gəldikdə isə Elçin Alıoğlu söyləyib ki, bu, qaçılmazdır:

“Hərbi əməliyyatlar geniş miqyasda, geniş intensivlikdə olmasa da, mütləq bərpa ediləcək. Çünki ABŞ və İsrail buna hazırlaşmaqdadır. Digər tərəfdən İran da yeni hərbi əməliyyatlara hazırlaşır, raket arsenalını bərpa edir və zərbələri planlaşdırır. Lakin əvvəlki miqyasdan fərqli olaraq yeni-üçüncü mərhələ bir qədər lokal olacaq. Əsasən İranın energetika, nəqliyyat və neft hasilatı strukturlarına zərbələr endiriləcək. Ona görə də İranın biz danışıqlardan imtina edirik açıqlaması sadəcə söz oyunudur. Yəni bu daha güclü və daha nüfuzlu görünmək cəhdidir”.