İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, Hörmuz boğazından keçmək istəyən bütün gəmi sahibləri və kapitanlar əvvəlcədən müraciət edərək rəsmi icazə almalıdırlar.
Sherg.az xəbər verir ki, açıqlamaya görə, keçidlər İranın yaratdığı “Fars Körfəzi Su Yolu İdarəetmə Qurumu” tərəfindən tənzimlənəcək. Müraciətlər araşdırıldıqdan sonra yalnız təsdiq alan gəmilərə boğazdan keçməyə icazə veriləcək.
İran rəsmiləri bildiriblər ki, ABŞ və İsraillə müharibə zamanı Hörmüz boğazı bağlanmış, icazəsiz keçməyə çalışan bəzi gəmilər raket və pilotsuz aparatlarla hədəfə alınmışdı.
Bundan başqa, İran parlamentində müharibədən sonra boğazdan istifadə edən gəmilərdən “təhlükəsiz keçid haqqı” alınmasını nəzərdə tutan qanun layihəsinin hazırlandığı da açıqlanıb. Layihənin yaxın vaxtlarda səsverməyə çıxarılacağı gözlənilir.