İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab verəcəyini bəyan edib. Bu xəbərdarlıq etirazçıların hökumətin sərt tədbirlərinə baxmayaraq küçələrə çıxmağa davam etdiyi bir vaxtda səsləndirilib.
APA xəbər verir ki, BBC-yə danışan iki xəstəxananın tibb işçiləri son iki gün ərzində 100-dən çox cəsədin xəstəxanalara gətirildiyini bildiriblər.
Məlumata görə, etirazlar artıq İranın bütün əyalətlərində 100-dən çox şəhər və qəsəbəyə yayılıb.
İranın baş prokuroru bildirib ki, etiraz edən hər kəs “Allaha düşmən” hesab ediləcək və bu, ölüm hökmü ilə cəzalandırıla bilən cinayətdir.
Məlumatda o da qeyd edilir ki, etirazlar gücləndikcə ölənlərin və yaralananların sayı artmaqda davam edir. İki insan haqları təşkilatı təhlükəsizlik əməkdaşları da daxil olmaqla 100-dən çox insanın həlak olduğunu bildirib.
Bir neçə xəstəxananın əməkdaşları BBC-yə deyiblər ki, yaralı və ölənlərin çoxluğu səbəbindən xəstəxanalar həddindən artıq yüklənib.
Beynəlxalq media qurumları İrandan birbaşa reportaj hazırlaya bilmir. Buna baxmayaraq, bəzi videolar yayılıb və media nümayəndələri İranda olan bir neçə şəxslə danışa bilib.
İranın ikinci ən böyük şəhəri olan Məşhəddə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar barədə xəbərlər var.