İranla razılaşma olmazsa regionda dərin böhran yaşanacaq - ŞƏRH

Nəticə etibarilə, danışıqların taleyi həlledici olacaq. Razılaşma ehtimalı hələ zəifdir, lakin tam istisna edilmir

Yaxın Şərqdə geosiyasi gərginliyin artdığı bir dövrdə region liderlərinin açıqlamaları diqqət mərkəzindədir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin Yaxın Şərq siyasətini sərt tənqid edərək, bu addımların bölgəni genişmiqyaslı münaqişəyə sürükləyə biləcəyini bildirib. O, Vaşinqtonun regionda apardığı kursun təhlükəli nəticələr doğura biləcəyini vurğulayaraq, gərginliyin nəzarətdən çıxacağı təqdirdə bunun yalnız dövlətlər üçün deyil, sadə insanların həyatı üçün də ciddi fəsadlara səbəb olacağını qeyd edib.

Qalibafın sözlərinə görə, ABŞ administrasiyası Binyamin Netanyahu hökumətinin siyasətinə uyğun hərəkət etməklə vəziyyəti daha da kəskinləşdirir və bu, bütün regionu “yanacaq nöqtəsinə” yaxınlaşdırır. O bildirib ki, davam edən qarşıdurma ehtimalı iqtisadi sabitliyi, enerji təhlükəsizliyini və regional təhlükəsizlik balansını ciddi şəkildə sarsıda bilər. İran rəsmisi çıxışında yeganə düzgün yolun diplomatiya, qarşılıqlı hörmət və İran xalqının hüquqlarının tanınması olduğunu vurğulayaraq, “təhlükəli oyuna” son qoyulmasına çağırıb.

Politoloq Asif Nərimanlı Sherg.az-a söyləyib ki, Qalibafın açıqlamasını iki kontekstdə qiymətləndirmək olar:

"Bu, həm Amerika cəmiyyətinə, həm də müharibə tərəfdarlarına mesaj vermək məqsədi daşıyır ki, Trampın həyata keçirdiyi siyasət və apardığı müharibə Amerikanın maraqlarına uyğun deyil, daha çox Netanyahunun siyasətinə uyğun addımdır. Yəni, bir növ, bununla həm Amerikada, həm də dünyada müharibə tərəfdarlarının artmasına hesablanmış açıqlama verilir və məqsəd Trampa qarşı antimüharibə cəbhəsini genişləndirərək onu daha çox təzyiq altında saxlamaqdır. İkincisi, bu açıqlama xəbərdarlıq kimi də qəbul edilə bilər. İran artıq bir neçə dəfə belə xəbərdarlıq edib. Müharibə başlamazdan əvvəl də bildirilirdi ki, İrana hücum olarsa, bu, münaqişənin bütün regiona yayılmasına gətirib çıxaracaq. Sonradan İranın region ölkələrinə, xüsusən də körfəz regionuna yönəlik addımları da göstərir ki, bu strategiya mövcuddur və planlaşdırılmış yanaşmadır. Yəni, müharibənin arealını genişləndirmək, bütün regionda eskalasiya yaratmaq Qalibafın açıqlamasının əsas mesajlarından biridir. Burada söhbət İran və Amerikanın ata biləcəyi riskli addımlardan gedir. Hazırda danışıqların aparıldığı barədə məlumatlar var və bu danışıqların nəticəsi mühüm rol oynayacaq".

Analitik qeyd edib ki, razılaşma əldə olunmasa, Tramp administrasiyasının İranın enerji və nəqliyyat infrastrukturuna zərbələr endirməsi ehtimalı artır:

"Bu, İranın iqtisadi cəhətdən zəiflədilməsi istiqamətində addım kimi qiymətləndirilir. İran tərəfi isə bunu əvvəlcədən gözləyir və buna qarşı körfəz ölkələrinin – ABŞ-nin müttəfiqlərinin yerləşdiyi ərazilərdəki enerji infrastrukturunu hədəfə ala biləcəyini bildirir. Bu barədə İran rəsmiləri müxtəlif açıqlamalar veriblər. Beləliklə, Qalibafın bəyanatı həm də bu ssenariyə xəbərdarlıq kimi dəyərləndirilə bilər. Ümumilikdə, aparılan danışıqların nəticəsi münaqişənin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək. Əgər müəyyən razılaşma əldə olunarsa və ya ən azı danışıqların davam etdirilməsi barədə qərar verilərsə, həyati əhəmiyyətli infrastruktur obyektlərinə zərbələrin təxirə salınması mümkün ola bilər. Əks halda, ABŞ-nin ata biləcəyi son addımlardan biri İranın infrastrukturuna genişmiqyaslı hava zərbələri endirmək ola bilər. Quru əməliyyatı isə yüksək riskli olduğu üçün hələ də ehtimal səviyyəsində qalır. Xüsusilə Hörmüz boğazı, zənginləşdirilmiş uran məsələsi və regiondakı digər faktorlar quru əməliyyatının risklərini artırır. Buna görə də, havadan endirilən zərbələrlə İranın enerji sisteminin, xüsusən elektrik xətlərinin sıradan çıxarılması ABŞ üçün daha real ssenari kimi görünür. Bu addım İranı geri çəkilməyə məcbur etmək məqsədi daşıya bilər. Lakin belə bir addım İranın da qarşılıq verməsinə səbəb olacaq və bu, regionda eskalasiyanın daha da artmasına gətirib çıxara bilər. Nəticə etibarilə, danışıqların taleyi həlledici olacaq. Razılaşma ehtimalı hələ zəifdir, lakin tam istisna edilmir. Ən azı danışıqların davamı barədə qərar belə gərginliyin kəskin mərhələyə keçməsinin qarşısını ala bilər. Əks halda, region üçün daha ciddi və genişmiqyaslı eskalasiya riski artır".