KİV: İran ABŞ-nin limanları blokadaya almasına hazırlıqlı olub

İran Birləşmiş Ştatlar tərəfindən limanlarının dəniz blokadasına alınması ehtimalını əvvəlcədən hesablayıb və hazırda izlənilməsi praktiki olaraq mümkünsüz xeyli sayda neft tankerini əvvəlcədən açıq dənizə göndərib.

"Report" xəbər verir ki, bu barədə İraqın "Baghdad Today" nəşri yazıb.

Məlumata görə, İran tərəfi Vaşinqtonun addımlarını proqnozlaşdırıb və "dənizə yerüstü anbarlarının yerləşdirə biləcəyindən əhəmiyyətli dərəcədə daha çox neft göndərib". Söhbət tərəfdaşlara tədarükün təxminən 80 gün ərzində təmin edilməsi üçün kifayət edən həcmlərdən gedir.

Qeyd olunub ki, hələ Fars körfəzi akvatoriyasında hərbi qarşıdurmanın kəskinləşməsindən əvvəl İran "tankerlərin yüklənməsini adi templərdən üç dəfə daha intensiv həyata keçirərək bu ehtiyatların formalaşdırılmasına başlayıb". Ekspertlər bu cür "üzən anbar"larda yerləşdirilmiş neftin həcmini 170 milyon barel miqdarında qiymətləndirirlər.

Nəşr vurğulayıb ki, açıq dənizə çıxarılmış gəmilər "gizlilik rejimi"ndə hərəkət edir ki, bu da onların aşkarlanmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. "Baghdad Today" qeyd edib ki, ABŞ tərəfindən hərbidəniz blokadası faktiki olaraq bu İran tankerlərinə təsir etməyəcək.

Daha əvvəl Amerika Prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarını bloklamağa başlayıb.