KİV: İranda genişmiqyaslı üsyan qaçılmazdır

“Israel Hayom” qəzeti İranda su böhranının hökumət daxilində yaratdığı narazılıq və Tehranın metrosunda hərbi geyimdə iki hakimiyyət müxalifinin etiraz aksiyasını təhlil edib.

İsrail nəşri yazıb ki, bu cür addımlar hərbi və təhlükəsizlik qurumlarının içindən hökumətə qarşı üsyanın yaranması və təhlükəsizlik aparatının mərkəzində çatın əmələ gəlməsi deməkdir:

“Hökumətin öz vətəndaşları üçün zəruri olan suyu təmin edə bilməməsi belə bir sual doğurur: həyati ehtiyacı təmin edə bilməyən bir hökumət davam gətirə bilərmi?

Ayağının altındakı torpağın sarsıldığını görən hökumət xalqın qəzəbini yönəltmək və onu öz ətrafında birləşdirmək üçün xarici qarşıdurma və ya müharibə başlada bilər”.

“Israel Hayom”ə görə, daxili böhran və ordu daxilindən gələn etiraz səsləri göstərir ki, İran həlledici bir nöqtəyə çatıb: “Elə bir nöqtəyə ki, genişmiqyaslı yeni bir üsyan artıq nəzəri bir ssenari deyil, hər gün güclənən real ehtimaldır”.

Xatırladaq ki, İran polisi 1979-cu ildə baş vermiş dövlət çevrilişindən əvvəl - şah dövründə istifadə olunan bayraqla Tehran metrosunda foto çəkdirən iki hərbi geyimli şəxsi saxlayıb. Video sosial şəbəkələrdə rezonans doğurub. Aparılan araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxslər İran ordusunun üzvü deyillər, amma onların kimliyi açıqlanmayıb.

1979-cu ildə baş vermiş çevriliş nəticəsində Ruhullah Xomeyninin rəhbərlik etdiyi qüvvələr İranın sonuncu şahı Məhəmmədrza Pəhləvini deviriblər. Beləliklə, İranda “İslam Respublikası” elan olunub. Bunun ardınca İranın milli bayrağı dəyişdirilib: yaşıl, ağ və qırmızı rənglər saxlanılsa da, “aslan və günəş” simvolu çıxarılaraq yerinə “Allah” sözünü təsvir edən lalə formalı işarə əlavə edilib.