Körfəz faktiki olaraq ABŞ-nin nəzarətinə keçir - RƏY

"Regiona azı 50 min ABŞ elit hərbi qüvvəsinin cəlb edilməsi quru əməliyyatları ehtimalını artırır"

 “Müharibə hələ bitməsə də, ABŞ və İsrailin İranla bağlı hədəflərinə nail olduqlarını demək olar. Bu müharibədə tərəflərin fərqli məqsədləri var idi: İsrail İranın tam məhvini, ABŞ isə regionda konflikt vasitəsilə Körfəz və İran neft ixracını nəzarətə alaraq Çinlə iqtisadi və hərbi münasibətlərə təsir göstərməyi hədəfləyirdi”.

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib. 

 Siyasi şərhçi qeyd edib ki, bu müharibə ABŞ və Trampın hərbi və şəxsi nüfuzunu zədələmiş görünsə də, ABŞ Körfəz ölkələrini elə vəziyyətə saldı ki, onlar artıq partnyor deyil, vassal mövqeyinə düşdü: “Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı təhqir etməsi də bunu göstərir. Ərəblər Trampı bağışlayan deyil, lakin hazırkı şəraitdə adekvat reaksiya verilməyəcək. Trampın isə alçaldıcı davranışı ərəb ölkələri üçün ciddi strateji dəyişikliklərə səbəb ola bilər.

Körfəz ölkələrinin İran qarşısında müdafiəsizliyi onları ABŞ-la münasibətləri yenidən nəzərdən keçirməyə, strateji müttəfiqliyi dəyişərək Çin, Rusiya və ya Türkiyə kimi alternativlərə yönəldə bilər. Artıq Pakistanla nüvə təhlükəsizlik çətiri barədə danışıqların aparıldığı da bildirilir. Əgər ABŞ-ın planlaşdırdığı quru əməliyyatları uğurlu olarsa, Hörmüz boğazına tam nəzarət edəcək. Bu baxımdan, Xark adasından daha çox Hörmüz boğazı və Hörmüzqan sahillərinə nəzarət əsas hədəf kimi görünür. Hətta Hörmüzqanın müstəqilliyi bufer zonası kimi də gündəmə gələ bilər.

Bu isə o deməkdir ki, region və Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir. Regiona azı 50 min ABŞ elit hərbi qüvvəsinin cəlb edilməsi quru əməliyyatları ehtimalını artırır. Lakin danışıqların getməsi quru əməliyyatlara ehtiyacı azalda bilər. İran strateji məğlubiyyətə uğrayıb. ABŞ-ın hərbi və diplomatik təzyiqləri bu məğlubiyyəti rəsmiləşdirir. Artıq ölkədə vahid və təsirli siyasi qərarvermə mərkəzi görünmür. İrandan Türkiyəyə edilən növbəti raket hücumu da buna sübutdur”.

V. Dadaşov qeyd edib ki, ABŞ-ın planlaşdırdığı quru əməliyyatının əsas hədəflərindən biri təxminən 450 kq zənginləşdirilmiş uranın ölkədən çıxarılmasıdır:

“İran ABŞ-ın 15 maddəlik tələblərini qəbul etməzsə, parlament sədri Qalibafın, XİN başçısı Araqçının və hətta Pezeşkianın öldürülməsi mümkündür. Əgər bu fiqurlara qarşı əməliyyat keçirilməzsə, bu, İranın tələbləri qəbul etməsi deməkdir. Bu arada Trampın Kubanın növbəti hədəf olacağı ilə bağlı açıqlaması da ABŞ-ın İran kampaniyasının uğurlu bitəcəyinə əsaslanır. İranın qalib vəziyyətdə saxlanılması real görünmür. Bu halda İranın İraqa təsir imkanları nəzərə alınarsa, müəyyən müddətdən sonra İraq üzərindən İsrailə quru hücumu da mümkündür. Rəsmi məlumata görə, İsrail əsas hədəflərinə - İranın nüvə və ballistik raket proqramının ləğvinə nail olub. Ən əsası ilə, “Böyük İsrail” üzrə də Livan istiqamətində bufer zonasını genişləndirib”.