Müharibə fırtınası Azərbaycala Türkiyənin sərhədlərinə yaxınlaşır -ŞƏRH

İran ABŞ və İsrail arasında davam edən müharibə Yaxın Şərq ölkələri ilə yanaşı Xəzəryanı bölgələrə də dəhşət saçır. Martın 19-da Sədudiyyə Ərəbistan başda olmaqla, 12 ərəb və müsəlman ölkəsi regiondakı vəziyyəti müzakirə etmək üçün Riyadda bir araya gəliblər. Türkiyə və Azərbaycanın da qatıldığı toplantıda, xarici işlər nazirlərinin iştirakı ilə birgə bəyanat təsdiqlənib. Nazirlər İranın qonşuluq prinsiplərini pozmağa davam etməsi halında cavab tədbirləri ilə üzləşəcəyini bildirib. Vəziyyəti gərginləşdirən əsas məqamlardan biri də toplantı günü, İsrailin Xəzər dənizində İran gəmilərinə zərbələr endirməsi oldu. Görünür, İsrail 2025-ci ildə Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində təhlükəsizliyi təmin etmək məqsədilə imzaladığı strateji sazişdən xəbərsizdir. Sazişə görə, regiondan kənar hər hansı qüvvə, Xəzər dənizinin daxili işlərinə müdaxilə edə bilməz. Məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub. A. Əraqçi, ABŞ və İsrailin Xəzər dənizinə yaxın ərazilərə endirdiyi son zərbələrin miqyasını izah edərək, regionun risk altında olduğuna diqqət çəkib. O, həmçinin ölkələri hücumların nəticələrinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu Sherg.az-a bildirib ki, regionda hərbi-siyasi vəziyyət gərginləşdikcə, yaxın coğrafiyada yerləşən ölkələrə də təhlükə saçır:

“Fars körfəzi ölkələri ABŞ, İsrail və İran müharibəsinin qurbanına çevriliblər. Onların iqtisadiyyatına dəyən zərərin miqyasını, hesablamaq belə çətindir. Xaotik vəziyyət Körfəz ölkələri ilə yanaşı Xəzəryanı dövlətlərə də təsirsiz ötüşmür. Hörmüz boğazındakı gərginlik, enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olub. Bütün bunlar Avropa ölkələrinin iqtisadiyyatına əlavə təzyiqlər yaradır. Bu gün sənayesi sürətlə inkişaf edən ölkələr, Yaxın Şərqin neft və qazından asılı vəziyyətdədir. Əgər müharibə gərgin tempdə davam edərsə, dünya ölkələri iqtisadi və sosial cəhətdən böhrana sürüklənəcək. İsrailin Xəzər dənizinə zərbələr endirməsi, Qafqaz ölkələrini hərəkətə gətirib. Xüsusilə də, Ənzəli limanının bombalaması logistika imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Proseslər, Ənzəli limanı vasitəsilə yükdaşımadan asılı olan dövlətlərin iqtisadiyyatına zərər vuracaq. Ona görə də, İran və Azərbaycan xarici işlər nazirinin təhlükəsizlik məsələlərini gündəmə gətirməsi əsaslıdır”. 

Politoloqun sözlərinə görə, müharibə fırtınası Azərbaycala Türkiyənin sərhədlərinə yaxınlaşır:

“Bir müddət əvvəl Naxçıvana edilən dron hücumu və Türkiyə istiqamətinə atılan raketlərin zərərsizləşdirilməsi, gərginliyin regional ölkələrin sərhədlərinə yayıldığını göstərir. Əgər, eskalasiyası Xəzər hövzəsinə çatarsa, hərbi-siyasi və iqtisadi geriləmə ilə yanaşı, ekoloji fəlakətlə də qarşılaşacağıq. Məlumdur ki, Ənzəli-Aktau xətti, neft məhsullarının daşınması üçün aktiv marşrut hesab olunur. Tankerlərin zədələnməsi nəticəsində neftin Xəzərə axması ehtimalı nəzərə alınmalıdır. Bu, birbaşa ekoloji çirklənməyə səbəb olacaq. Hətta Xəzər dənizi oksigen çatışmazlığından “ölü zona”ya çevrilə bilər. Ekoloji fəlakələtin aradan qaldırılması həm böyük maliyyə vəsaiti, həm də uzun zaman tələb edir. Əgər tərəflər arasında tezliklə razılaşma əldə olunmazsa, münaqişənin arealı genişlənəcək. Gələcəkdə, proseslərin idarə olunması da çətinləşə bilər. Lakin mövcud reallıqlar çərçivəsində çıxış yolu hələ də var. Artıq, ABŞ Prezidenti Donald Tramp danışıqlara getməyin vacibliyini dərk etməyə başlayıb”.