“Qətllər və repressiyalar problemi həll edə bilməz"
“İranın böhranı nə masada, nə də zorla həll olunacaq!”
İranın təhlükəsizlik qüvvələri bir neçə nüfuzlu ictimai-siyasi xadimi həbs edib. Tutulanlar arasında İslahat Cəbhəsi və Millətin Birliyi partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari Ebrahim Əsğərzadə, sabiq diplomat Mohsen Əminzadə və partiyanın mətbuat katibi Cəvad Emam yer alır. Onlar məhkəmə qərarı əsasında evlərində saxlanılır və hazırda araşdırma aparılır. Həbs olunan şəxslər “milli birliyi pozmaq, siyasi-ictimai nizamı sarsıtmaq və konstitusiyaya zidd mövqe sərgiləmək” kimi ittihamlarla üzləşiblər.
Əlavə olaraq, mənbələr bildirir ki, İslahatçı Cəbhə Məsud Pezeşkianın prezident seçkilərində qələbəsində mühüm rol oynayıb.
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili “Sherg.az”a bildirib ki, İran çox sıxışmış vəziyyətdədir:
“Əslində problemlərini masada həll etmək istəyir. Ancaq imicini qorumaq üçün təhdid dilindən də istifadə edir, yəni güclü imiş kimi davranır. Lakin artıq gücünü itirib. Xatırlayırsınızsa, bir neçə ay öncə İranın ən vacib hərbi rəhbərləri öz yataqlarında vuruldular. Bu isə bir ölkə üçün ciddi təhlükəsizlik problemidir. Həm kəşfiyyat, həm də daxili təhlükəsizlik baxımından yolverilməzdir. Dünya da böyük təhdidlər səsləndirən İranın boş sözlər dediyinin şahidi oldu. Tehran hakimiyyətinin əsas problemlərindən biri də xalq dəstəyinin olmamasıdır. Əgər rejim sadəcə ABŞ ilə münaqişədə olsaydı və xalqdan dəstək görsəydi, bəlkə bu vəziyyət yaranmazdı. Ancaq hakimiyyətin regional, daxili və xarici siyasət kursunda xalq dəstəyi yoxdur. İranda prezident formal xarakter daşıyır; əsas idarəçi dini liderdir, prezident isə onun siyasətini icra edir. Rejimin siyasəti ilə xalqın mənfəətləri üst-üstə düşmür.”
Məhsa Mehdili deyib ki, dini lider və komandasının bu qədər radikal davranması hakimiyyət daxilindəki qüvvələr arasında da çəkişmələr yaradır:
“Prezident və komandası dini liderlə ABŞ arasında qalıb ki, bu da onlar üçün çox çətin vəziyyətdir. İslahatçı düşərgənin tanınmış simalarının həbsi isə sistem daxilində mövcud olan iki əsas qanad - islahatçılar və mühafizəkarlar arasındakı qarşıdurmanı daha da dərinləşdirə bilər. Xüsusilə dini liderin radikal xəttinə baxmayaraq, nisbətən mülayim fiqurların mövcudluğu etirazların artmasına səbəb olur ki, bu da rejim üçün ən təhlükəli senarilərdən biridir. Daxili parçalanmanın dərinləşməsi Tehran üçün həm idarəetmə, həm də legitimlik baxımından vəziyyəti daha da ağırlaşdıra bilər. Gedişat göstərir ki, mövcud böhran nə masada, nə də repressiyalarla asanlıqla həll edilə biləcək səviyyədə deyil.”
Analitik əlavə edib ki, rejimin sözünü tutmaması yeni məsələ deyil:
“Onlar danışıqlar masasında mitinqdə iştirak edənlərin edam olunmayacağını bildirmişdilər. Lakin indi sözlərindən dönürlər. Bu, rejimin sonu ola bilər, çünki dövlət İranda yaşayan xalqla qarşı-qarşıyadır. Son iğtişaşlarda təxminən 40–50 min nəfər qətlə yetirilib. Lakin həbs, edam və basqı ilə problemləri həll etmək mümkün deyil. Hazırda İranda gücü əlində tutan, müzakirəyə qapalı lider və komandası mövcuddur. Belə vəziyyətdə həll yolu tapmaq çox çətin olacaq.”