Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda ABŞ və İran arasında İslamabad şəhərində keçirilən birbaşa danışıqlar gözlənilən nəticəni vermədi. Təxminən 21 saat davam edən intensiv müzakirələrə baxmayaraq tərəflər razılığa gələ bilmədi və proses qarşılıqlı ittihamlarla başa çatıb.
ABŞ-ın mövqeyini açıqlayan vitse-prezident Cey Di Vens danışıqların yekununa münasibət bildirərək qeyd edib: “21 saatdır bu məsələ üzərində işləyirik və iranlılarla bir sıra mühüm görüşlər keçirmişik. Bu yaxşı xəbərdir. Pis xəbər isə razılığa gələ bilməməyimizdir. Məncə, bu vəziyyət ABŞ-dan çox İran üçün pis xəbərdir.” Vens bildirib ki, ABŞ tərəfi öz “son və ən yaxşı təklifini” təqdim edərək danışıqlardan ayrılıb və bundan sonrakı addım İranın qərarından asılı olacaq. İran tərəfi isə danışıqların uğursuzluğuna fərqli yanaşma sərgiləyib. İran mediasında yayılan məlumatlarda qeyd olunur ki, razılaşmanın əldə olunmamasının əsas səbəbi ABŞ-ın “həddindən artıq tələbləri” olub. Xüsusilə Hürmüz boğazı, nüvə materiallarının ölkə xaricinə çıxarılması və sanksiyalar kimi məsələlərdə ciddi fikir ayrılığı yaranıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə prosesi daha geniş kontekstdə qiymətləndirərək bildirib: “Bu görüşlər ABŞ və İsrailin son 9 ayda ikinci dəfə başlatdığı və 40 gün davam edən müharibədən sonra, güvənsizlik və şübhə mühitində keçirildi. Buna görə də bir görüşdə razılığa gəlməmək təbiidir. Onsuz da heç kim belə bir nəticə gözləmirdi.”
Görüşü şərh edən Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, ABŞ-İran danışqlarının nəticəsiz olacağı qabaqcadan bəlli idi. Onun sözlərinə görə, İslamabada hər iki tərəf daban-dabana zidd tələblərlə getmişdi:
"Yəni tərəflərin mövqelərində heç bir yaxınlaşma müşahidə olunmurdu. Danışqların ən yadda qalan hadisəsi 47 ildən sonra onların bir masa arxasında oturması oldu. ABŞ öznünü diktə edən tərəf kimi göstərməyə çalışsa da İran öz mövqeyini dəyişmədi və tələblərini qarşı tərəfə qəbul etdirməyə israrlı olduğunu nümayiş etdirdi. Danışqların nəticəsiz başa çatması Yaxın Şərqdə yeni gərginlik dalğasının başlanacağına bir işarədir. Amma ən pis diplomatiya yaxşı müharibədən daha yaxşıdır".