Pezeşkian etirazçı tələbələrlə dialoqa hazır olduğunu bildirdi

“Bütün universitetlər və yüz minlərlə tələbənin taleyi bir neçə nəfərin aksiyasından təsirlənməməlidir. Tələbələrin əksəriyyəti təhsillərini davam etdirir, bilik əldə edirlər, amma bəzi tələbələrin etirazı varsa, bunu ifadə edə bilərlər”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian tələbələrin hakimiyyət əleyhinə etirazları barədə danışarkən deyib.

“Etiraz sosial fəallıq və həyat göstəricisidir. Universitetlərdə tələbələrlə birbaşa dialoq aparmağa hazırıq. Nazirlər də universitetlərdə olmalı və dialoq mühitini gücləndirməlidirlər. Səsin eşidildiyi, tələblərin irəli sürüldüyü və məsələlərə həssaslığın olduğu cəmiyyət canlı və sosial həyatı aktiv olan cəmiyyətdir. Bizim vəzifəmiz səsə qulaq asmaq, problemləri həll etmək və dialoq və əməkdaşlıq yolunu açmaqdır”, - dövlət başçısı bildirib.