Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirmək qərarına gəlib

İran Prezidenti Məsud Pezeşkian İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə dialoqun davam etdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunub.

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə aparılan danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edib.

“Ali Milli Təhlükəsizlik Şurası belə nəticəyə gəlib ki, danışıqlar kursu davam etdirilməlidir”, - deyə Pezeşkian vurğulayıb.

Prezident qeyd edib ki, hazırda bəzi KİV-lər İranın ali dini lideri Əli Xameneinin ABŞ ilə danışıqların yolverilməzliyi ilə bağlı əvvəlki bəyanatlarını yayımlayırlar. Lakin onun sözlərinə görə, Xamenei ilə bu məsələni şəxsən müzakirə edib və həmin vaxt ali lider danışıqların ləyaqətli şərtlərlə aparılmasına və davam etdirilməsinə razılıq verib.

Pezeşkian əlavə edib ki, son hadisələrə baxmayaraq, Tehran qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmağa nail olub.

Onun sözlərinə görə, son həftələr ərzində aparılan diplomatik fəaliyyət müsbət nəticələr verib və Fars körfəzi ölkələri ilə mövcud olan bir çox problem və anlaşılmazlıq həll mərhələsinə daxil olub.

İran Prezidenti bildirib ki, region ölkələri ilə münasibətlərin normallaşdırılması Tehranın xarici siyasətində əsas prioritetlərdən biri olaraq qalır.