“Ermənistan-Rusiya strateji tərəfdaşlığına ilk ağır zərbə 1993-cü ildə vurulub. O zaman Levon Ter-Petrosyan Xankəndidə çıxışı zamanı söyləmişdi ki, Kəlbəcərdən qoşunların çıxarılmasını rədd etməklə Yeltsin kimi bir kinli insanın düşmənçiliyini qazana bilərik”.
Teleqraf xəbər verir ki, bu barədə erməni ekspert Vahram Atanesyan deyib.
Ekspert bildirib ki, bundan imtina edilib və İrəvan Boris Yeltsinin düşmənçiliyini qazanıb:
“Keçmiş xarici işlər naziri Oskanyan da sözlərinə görə, 1998-ci ildə hakimiyyət dəyişikliyindən sonra Moskvaya ilk dəfə dəvət olunduqda Rusiyanın o zamankı xarici işlər naziri Primakov açıq şəkildə bəyan edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi ərazilərin (Azərbaycana) qaytarılması məsələsini gündəmdən çıxarmır. Hakimiyyət dəyişikliyi Levon Ter-Petrosyanla o vaxtkı baş nazir Robert Köçəryanın komandası arasında ərazilər məsələsində kəskin fikir ayrılıqları səbəbindən baş vermişdi.
Prinsip etibarilə belə çıxır ki, o zaman Köçəryan və komandası Rusiyaya qarşı mövqe tutub. Bundan sonra 2008-ci ilin noyabrına qədər Rusiya Qarabağ danışıqlarında fəal vasitəçi olmayıb. Təşəbbüsü əvvəlcə ABŞ, sonra isə Fransa ələ alıb”.
Atanesyanın iddiasına görə, İrəvanın işğal edilmiş əraziləri Azərbaycana qaytarmaqdan imtina etməsi Rusiya-Ermənistan münasibətlərini pisləşdirib:
“Mənə həmin onilliyin Putin-Köçəryan və ya Medvedev-Sərkisyanın “İrəvan Bəyannaməsi”ni göstərin, sonra əsrlər boyu davam edən “Ermənistan-Rusiya qardaşlığı və strateji müttəfiqlik münasibətləri” haqqında danışın. O illərdən yalnız bir acı xatirə qalıb: Rusiya Dövlət Dumasının sədri Qrızlovun İrəvana səfəri zamanı Ermənistanı “Rusiyanın forpostu” adlandırması. Yaxın Şərq geosiyasi müharibəsində məğlub olan Rusiya artəq bu forpostu təhvil verib. Məsələ bundan ibarətdir. Öz intriqaları və bacarıqsızlıqlarını gizlətmək üçün forpostu təhvil verənlər və forpostun canışinlərinin öz aralarında haqq-hesabları varsa, qoy onu öz aralarında həll etsinlər. Ermənistanın forpostdan müstəqil dövlət yaratmaqdan başqa alternativi yoxdur”.