“Çünki Putin və əlaltıları Paşinyanın məğlub olmasını istəyirlər. Həmçinin bununla radikal müxalifətə dəsətəyini ifadə edirlər"
Rusiya Prezidenti Vladimir Putinin qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı Ermənistan xalqına ünvanladığı mesaj diqqət çəkib. Kremlin saytında yayılan məlumatda Putinin hadisəni “XX əsrin ən dəhşətli faciələrindən biri” kimi xarakterizə etdiyi və bunu yad etdiyini bildirdiyi qeyd olunur. Mesajda həmçinin zorakılığın dini nifrət, millətçilik və ksenofobiyanın nəticəsi olduğu vurğulanır, sonda isə Ermənistan xalqına rifah və firavanlıq arzuları ifadə edilir.
Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Putinin bu mesajı Ermənistanda keçiriləcək parlament seçkilərinə hədəflənib:
“Çünki Putin və əlaltıları Paşinyanın məğlub olmasını istəyirlər. Həmçinin bununla radikal müxalifətə dəsətəyini ifadə edirlər. Hətta Putin Paşinyanla son görüşdə açıq dedi ki, rusiyayönümlü müxalifətə şərait yaradılmalıdır. Burada ev həbsində olan Karapetyan da nəzərdə tutulur. Bu açıqlama da radikallara “mən sizin arxanızdayam və dəstəkləyirəm” mesajı verir. Digər tərəfdən Paşinyan üçün “soyqırımın” tanınması aktual deyil və onu maraqlandırmır. Putin də Paşinyana əks olsun deyə belə açıqlama verir”.
Politoloq qeyd edib ki, bu məktubun Türkiyə-Rusiya münasibətlərinə ciddi təsir edəcəyini düşünmür:
“Amma bu açıqlama Türkiyə siyasi dairələrində və cəmiyyətində müəyyən suallar da yarada bilər”.