Qazaxıstan Prezidenti Antonio Koşta ilə görüşdü

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada ölkəyə ilk rəsmi səfəri çərçivəsində Avropa Şurasının prezidenti Antonio Koşta ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Prezidenti görüşdə Avropa İttifaqı ilə ölkəsi arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edən bu səfərin rəmzi əhəmiyyətini vurğulayıb. Qazaxıstan regionda Avropa İttifaqı ilə belə bir müqavilə imzalayan ilk ölkədir.

“Bu səfər hər iki tərəfin Qazaxıstan və Avropa İttifaqı arasında çoxşaxəli əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu nümayiş etdirir. Qarşılıqlı hörmət və anlaşmaya əsaslanan güclü və mənalı tərəfdaşlığı dəstəkləyirik. Siyasi dialoqumuz ümumi maraqlarımıza cavab verən bir çox sahələrdə sürətlə inkişaf edir. Bu baxımdan mən bir neçə gün əvvəl Brüsseldə keçirilmiş Avropa İttifaqı-Qazaxıstan Əməkdaşlıq Şurasının iclasının nəticələrini yüksək qiymətləndirirəm”, - Kasım-Jomart Tokayev qeyd edib.