Fevralın 28-dən başlayaraq İran, İsrail və ABŞ arasında alovlanan münaqişə, 16-cı günə qədəm qoyub. ABŞ ordusu İranın hərbi obyektlərinə zərbələr endirməklə yanaşı, ölkənin strateji əhəmiyyət daşıyan neft infrastrukturunu da hədəfə almağa başlayıb. Cavab tədbiri olaraq SEPAH, ABŞ-yə məxsus bank və şirkətlərin məhv ediləcəyini açıqlayıb. Münaqişənin ilk günlərində beynəlxalq ictimaiyyət ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin şəkildə tənqid edirdi. Lakin İranın ard-arda Türkiyə və Azərbaycanı hədəfə alması, Tehrana münasibətdə beynəlxalq yanaşmanın dəyişməsinə səbəb oldu. Baş verən hadisələrdən sonra İran prezidenti Məsud Pezeşkian təxribat xarakterli hücumların arxasında xarici qüvvələrin dayandığını bildirməklə, diqqətləri ABŞ və İsrail üzərinə yönləndirdi. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, başqa ölkələrin müdaxiləsinə əsasən tələyə düşməyəcəklərini açıqlaması, şübhələri daha da artırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə təxribata məruz qaldıqlarını vurğulayaraq, ölkənin mövcud münaqişəyə qoşulmayacağını açıqladı.
Mövzu ilə bağlı Marmara Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin professoru Ali Satan Sherg.az-a bildirib ki, Türkiyə hərbi strukturlar və rəsmi kanallar vasitəsilə hücumların mahiyyətini aydınlaşdırmağa çalışır:
“Artıq 3-cü dəfədir ki, İran tərəfindən gələn raket, NATO-nun müdafiə sistemləri tərəfindən məhv edilir. İlk hücumdan dərhal sonra hadisənin mahiyyətinin araşdırılması məqsədilə İranın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, rəsmi izahat tələb edildi. Müharibə şəraitində çox diqqətli olmaq məcburiyyətindəyik. Türkiyə və Azərbaycanın, İrana müharibə elan etməsi üçün məntiqli səbəb yoxdur. Hərbi-siyasi reallıq göstərir ki, İran indiyədək Türkiyə və Azərbaycana qarşı birbaşa düşmənçilik xətti yürütməyib. İran, regionda ərazi bütövlüyünü qorumaq naminə, ABŞ kimi böyük dövlətlə qarşıdurma riskini belə qəbul etmiş ölkədir. Belə bir şəraitdə, rəsmi Tehran, Türkiyəyə qarşı qəsdən hərbi təxribat törətməklə, əlavə düşmən qazanmaq istəməz”.
Professorun sözlərinə görə, İranın daxilində çox mühüm mövqelərdə yerləşmiş İsrail agentləri var:
“Onlar qonşu ölkələri İrana qarşı müharibəyə sürükləmək üçün ərazilərinə zərbələr endirməklə, “saxta bayraq əməliyyatı”na cəhd göstərə bilərlər. Aydın məsələdir ki, Türkiyə, Azərbaycanla birlikdə müharibəyə qoşularsa, Cənubi Qafqaz və Yaxın Şərqdə təhlükəsizlik balansının pozulmasına səbəb olacaq. Belə bir senari yalnız İsrailin geosiyasi maraqlarına xidmət edir. Mövcud vəziyyətdə Azərbaycan və Türkiyə soyuqqanlı mövqe sərgiləməli, hərbi ritorikanı minimuma endirməli və hadisələrin diplomatik kanallar vasitəsilə araşdırılmasına üstünlük verməlidir”.