Rusiya və Türkiyə Ukraynanın təhdidləri fonunda Qara dəniz regionunda təhlükəsizliyin təmin edilməsi məsələsində sıx əməkdaşlıq edəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
"Biz Kiyevin Türkiyəyə taxıl daşıyan gəmiləri, eləcə də tankerləri təhrik etmək cəhdlərindən və təbii ki, "Türk Axını" və "Mavi Axın" qaz kəmərlərinə qarşı davamlı terror hücumları təhdidlərindən narahatıq. Qara dəniz bölgəsində təhlükəsizliyin təmin edilməsi məsələsində sıx əməkdaşlıq etmək barədə razılığa gəldik", -Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə bu məsələdə bir-birini tamamlayan şəkildə çalışır.
Hakan Fidan isə Ukrayna münaqişəsinin üçüncü ölkələr üçün təhlükəli bir ölçüyə istiqamətləndiyini vurğulayıb: “Ukrayna müharibəsinin son zamanlar şiddətlənməsi, eləcə də coğrafi genişlənmə təhlükəsi bizi dərindən narahat edir. Bu, xüsusilə cəbhə arxasındakı hücumlara aiddir. Bu, xüsusilə Qara dəniz gəmiçiliyini təhdid edir və üçüncü ölkələrin maraqlarına zərər verə bilər. Buna görə də bu addımların qarşısını almaq və lazımi tədbirləri görmək lazımdır”.