Sabiq millət vəkili: Aparılan müharibə təkcə İrana qarşı deyil

"ABŞ, İsrail və İran müharibəsi uzun müddət davam edəcək. Çünki burada güya qarşıya qoyulan məqsədlər İranda raket texnologiyasının tərksilah olunması, nüvə silahlanmasının qarşısının alınması və rejim dəyişikliyidir. Demək olar ki, ABŞ və İsrail bu niyyətlərinə çata bilməyib".

Sherg.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Tahir Kərimli öz sosial şəbəkə paylaşımında söyləyib:

O qeyd edib ki, formal desə də, Amerika heç də bu müharibənin tez qurtarmasının tərəfdarı deyil:

"Çünki təkcə müharibə İranla deyil. Hamıya məlumdur ki, Donald Tramp özünə ən böyük düşmən olaraq qlobalistləri sayır. Dünyanı idarə edən qlobalçılardır. Təsadüfi deyil ki, The New York Times, The Washington Post və digər qəzetlər vasitəsilə daim qlobalistlər ona hücum edir.  Xüsusən Davosda “Black Hawk” firmasının rəhbəri çıxış edəndən sonra təkəbbürlü mövqe sərgilədi. Bu deməkdir ki, dünyaya ağalıq edən Amerika deyil, dünyaya ağalıq edən bizik- beynəlxalq təşkilatlardır. İranla bunun nə əlaqəsi isə fərqlidir. Məsələ ondan ibarətdir ki, məsələn, ərəb ölkələri, körfəz ölkələri- hər biri, hansısa Avropa kapitalından- Almaniyanın, Fransanın, ən çox isə İngiltərənin kapitalından asılıdır. Burada Hörmüz boğazının, Bəsrə körfəzinin açıq olması əlbəttə ki, ticarəti genişləndirir, onlara milyardlarla gəlir gətirirdi. İndi isə onların bağlanması təsadüfi deyil. Amerika və İsrail istəyir ki, o beynəlxalq ittifaqlara, təşkilatlara və həmin dövlətlərə ziyan dəysin. Misal üçün, Çinin və Yaponiyanın neft ticarətinin 90-95%-i məhz Hörmüz boğazından keçir. İndi isə oradan istifadə edə bilmirlər".

Sabiq millət vəkili aparılan müharibənin təkcə İrana qarşı olmadığını bildirib: 

"Amerika Birləşmiş Ştatları özünün yeni dünya düzənindəki rəqibi olan Çinə, Yaponiya və digərlərinə, həmçinin onunla həmrəy olmayan Avropa dövlətlərinə və ən başda duran beynəlxalq qlobalist təşkilatlara qarşı mübarizə aparır ki, onları yüz milyardlarla ziyana salsın. Halbuki, özü 27 milyard ziyana düşüb. Bu, çox düşündürücüdür. Bir məsələ də ondan ibarətdir ki, İranda Ramazan bayramında din xadimlərinə, məktəbə hücum oldu, onlar öldürüldü. Yadımızdadır ki, Saddam Hüseyn də Qurban bayramı günü edam edilib. Bunlar çox ağır məsələlərdir. Bu məsələ İran rejiminin əleyhinə olanları belə İranın müdafiəsi üçün birləşdirdi.Ona görə də İran da misilləmə cavab verir".