Samet Zenginoğlu: Quru əməliyyatı regionun gələcəyini yeni bir mərhələyə daşıyacaq

Ağ Ev yaxın günlərdə İranda quru əməliyyatı keçirməyə hazırlaşır.

Bu barədə “The Wall Street Journal” nəşrinin müxbiri Aleks Vard Respublikaçı konqresmenlərə istinadən məlumat yayıb. Bundan əlavə, “Axios” portalı mənbələrə istinadən xəbər verib ki, ABŞ Silahlı Qüvvələri Vaşinqtonla Tehran arasında birbaşa danışıqlar keçirilsə belə, ən azı daha iki-üç həftə ərzində İran ərazisinə zərbələr endirməyi planlaşdırır.

Bu açıqlamalardan sonra proseslərin necə davam edəcəyi sual altındadır.

Beynəlxalq münasibətlər üzrə ekspert Dr. Samet Zenginoğlu Sherg.az-a ABŞ-nin atacağı mümkün addımlardan danışıb:

"İrana qarşı quru əməliyyatı müzakirələri artıq bir həftədir beynəlxalq ictimaiyyətin gündəmindədir. Lakin belə bir addımın riskləri olduqca çoxdur. Birincisi, İranın coğrafiyası quru əməliyyatı üçün ciddi risklər daşıyır. İkincisi, ABŞ ictimaiyyətinin həyatını itirəcək ABŞ əsgərlərindən sonra ciddi reaksiya verəcəyi şübhəsizdir. Üçüncüsü isə son dövrdə bu prosesin ikinci bir Vyetnam sindromuna çevrilə biləcəyi riskidir. Çünki Vyetnama bənzər bir proses böyük bir məğlubiyyət psixologiyasını da özü ilə gətirəcək".

Ekpsert ortada böyük bir ziddiyyətin mövcud olduğunu vurğulayıb:

"ABŞ bir tərəfdən danışıqlar təklifi irəli sürərkən, digər tərəfdən quru əməliyyatı ehtimalını gündəmə gətirir. Necə deyərlər, “stavkanı artırır”. Belə bir əməliyyatın müharibənin və regionun gələcəyini yeni bir mərhələyə daşıyacağı şübhəsizdir. Buna görə də bu addıma veriləcək cavab ayrıca böyük əhəmiyyət daşıyır".