Xəzəryanı ölkələr Yaxın Şərqdəki müharibəyə qarşı səsini ucaltmalıdır - TƏHLİL

“Bununla daha geniş miqyaslı savaş təhlükəsi, eyni zamanda dünyada iqtisadi böhrana yol aça biləcək prosesin qarşısı alınmış olarlar"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və İsrailin İranın Xəzər dənizindəki Bəndər Ənzəli limanına endirdiyi zərbələri “ehtiyatsız davranış” adlandırıb. O, belə addımların Xəzəryanı dövlətləri müharibəyə sürükləmək riski barədə xəbərdarlıq edib.

Zaxarovanın sözlərinə görə, martın 18-də Xəzər dənizindəki ən böyük dəniz limanı (Bəndər Ənzəli) bombardman edilib: “Bu, Rusiya-İran ticarəti, o cümlədən ərzaq daşınması üçün fəal şəkildə istifadə olunan mühüm ticarət və logistika mərkəzidir. Kampaniya Rusiya və digər Xəzəryanı dövlətlərin iqtisadi maraqlarına zərər vurub”.

Rusiya rəsmisi hərbi əməliyyatların dərhal dayandırılmasına və məsələnin siyasi həllinə qayıtmağa çağırıb: “Xəzər dənizi akvatoriyası həmişə təhlükəsiz sülh və əməkdaşlıq zonası kimi qəbul edilib”.

Xatırladaq ki, Xəzəryanı ölkələrə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran daxildir.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, ABŞ-nin Xəzər regionundakı hərbi obyektlərə və limanlara zərbə indirilməsi negativ bir prosesdir:

“Çünki bu Yaxın Şərqdəki savaşının həm də Xəzər regionuna daşınması cəhdi kimi görünür. İstənilən halda ABŞ da, İsrail də Xəzəryanı ölkələrin maraqlarını və onların bu münaqişəyə negativ yanaşdıqlarını nəzərə almalıdırlar. Çünki bu savaş ABŞ, İsrail-İran arasındadır və nə İrana qonşu , nə də Xəzəryanı regiona aid ölkələr bu savaşa qatılmaq niyyətində deyillər. Ancaq Xəzər regionundakı, yəni Xəzər su hövzəsindəki obyektlərə zərbələrin endirilməsi istənilən halda Xəzəryanı dövlətlərin maraqlarına ciddi şəkildə problem yaradır və müəyyən regional gərginlik situasiyasının ortaya çıxmasına da səbəb olur. Ona görə də təbii ki ABŞ və İsrail bu önəmli faktoru nəzərə almalıdır. Eyni zamanda Xəzəryanı ölkələr bu məsələdə ortaq mövqədən çıxış edə bilərlər. İlk növbədə ABŞ və İsrailin diqqətinə çatdırılmalıdır ki, savaşı Yaxın Şərqdən və yaxud da İran ərazisindən Xəzəryanı regiona daşıya biləcək addımlardan çəkinsinlər. Və belə addımların atılmasının yol verilməz olduğu xüsus olaraq vurğulanmalıdır”.

Analitik qeyd edib ki, digər tərəfdən Xəzəryanı ölkələr ortaq şəkildə savaşın dayandırılmasını və hərbi qarşıdurmnın sülh masası arxasında nizamlansını bəyan edə bilərlər:

“Bununla da daha geniş miqyaslı savaş təhlükəsi, eyni zamanda dünyada iqtisadi böhrana yol aça biləcək prosesin qarşısı alınmış olar. Əslində Xəzəryanı ölkələrinin hər birisi ayrı-ayrılıqda Yaxın Şərqdəki savaşa qarşı etirazlarını dəfələrlə bildiriblər. Hətta savaşın dayandırılması ilə bağlı da çağırışlar ediblər. Ancaq bunu ümumi də etmək mümkündür”.