Hasan Oktay: Müharibə İran-ərəb qarşıdurmasına çevrilir
“ABŞ münaqişəni şiə-sünni qarşıdurmasına çevirməyə çalışır”
Yaxın Şərqdə baş verən son hadisələr regionda hərbi və siyasi balansın sürətlə dəyişdiyini göstərir. Davam edən qarşıdurmaların mümkün nəticələri, regional və qlobal güclərin proseslərə təsiri, eləcə də münaqişənin gələcəkdə hansı istiqamətdə inkişaf edə biləcəyini ekspertlər müxtəlif aspektlərdən qiymətləndirirlər. Bu çərçivədə münaqişənin coğrafiyasının genişlənməsi, yeni aktorların prosesə cəlb olunması və bölgədə formalaşan təhlükəsizlik mühiti ilə bağlı fərqli yanaşmalar səsləndirilir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-la mövzu ilə bağlı fikirlərini bölüşüb:
"Biz Körfəzdə ABŞ-İsrail-İran müharibəsindən danışarkən, müharibə birdən-birə İran-Ərəb müharibəsinə çevrilməyə başladı. Maraqlıdır ki, İran bölgədə Amerika bazalarını vurmağa çalışarkən bundan ən çox istər-istəməz Körfəz ölkələri təsirləndi. Çünki bölgədə ciddi şəkildə hərbi yığınaq var idi. Amerika İrana həmin yığınaq məntəqələri üzərindən zərbələr endirirdi. NATO Zirvəsindən sonra İranın gözləniləndən qat-qat artıq müqavimət göstərməsinin arxasında, biz hər imkan və fürsətdə Rusiya ilə Çinin prosesə qoşulduğunu bildirirdik. Omanda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bazasının vurulması, Səudiyyə Ərəbistanında pilotsuz uçuş aparatları ilə yenə də Amerikanın Səudiyyə Ərəbistanındakı səfirinin vurulduğu deyilərək CIA bazasının hədəfə alınması maraqlıdır. Bu hadisələr İranın yanında Çin və Rusiyanın prosesə qoşulduğunu göstərməsi baxımından mühüm göstəricilərdir".
Analitik qryd edib ki, Ameroka artıq məsələni şiə-sünni müharibəsinə çevirmək üçün əlindən gələn bütün səyləri göstərib:
"Amerika, bir tərəfdən İranı sülhə məcbur etməyə çalışarkən, digər tərəfdən də bu vəziyyətdən çıxa bilməsə, şiə-sünni, ərəb-fars müharibəsi ilə vəziyyəti idarə etməyə çalışacaq. Təbii ki, araya kürdləri də qatmağa çalışdı. Bu məsələdə Türkiyənin ciddi səyləri nəticəsində kürdlər soyuqqanlı davrandılar. Təbii ki, bunun da gələcəkdə qarşılığını tələb edəcəklər. Yenə maraqlı və daha təhlükəli bir məqam var. Livanda İsrailin düşdüyü vəziyyət, yəni bir dövləti işğal etmə əməliyyatı Hizbullaha qarşı aparılırmış kimi təqdim olunarkən, İran burada husilər vasitəsilə Səudiyyə Ərəbistanını İsrailin düşdüyü vəziyyətə saldı. Hazırda Səudiyyə Ərəbistanı ilə husilər arasında müharibə davam edir".
Politoloq qeyd edib ki, bu müharibə İsrailin Livanda etdiklərini ört-basdır etməyə və İsrailin günahına Səudiyyə Ərəbistanını da ortaq etməyə yönəlib.
"İran husilər vasitəsilə Səudiyyə Ərəbistanına hücum edərək onu ciddi şəkildə çətin vəziyyətə saldı. Bir tərəfdən şiə-sünni müharibəsi, digər tərəfdən İsrailin mövqeyini ört-basdır etməyə yönəlmiş gedişat var. Görünən odur ki, maraqlı nəticələrlə qarşılaşacağıq. Amma Çin və Rusiya məsələsi həqiqətən də müzakirə olunur. İlk gündən bu işin arxasında Çin və Rusiyanın, hətta üçüncü qüvvə kimi də Netanyahunun olduğunu deyirdim".