İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Sherg.az xəbər verir ki, Böyük Britaniyanın “ICA Events” şirkətinin İdarə Şurasının müşaviri Tomas Hord çıxış edərək dedi:

-Sabahınız xeyir, Zati-aliləri cənab Prezident.

Hörmətli nazirlər, Zati-aliləri xanımlar və cənablar.

Təşkilat Komitəsi adından Sizi 31-ci “Bakı Enerji Həftəsi”ndə salamlamaqdan böyük şərəf duyuruq. Bu gün burada iştirak etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə olduqca minnətdarıq. Bu, tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini vurğulayır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müasir tarixində yeni bir səhifə açdı. Tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə yanaşı, təşkil olunan ilk Xəzər Neft və Qaz Sərgisi ölkənin uzunmüddətli enerji strategiyasının təməlini qoydu, Azərbaycanı qlobal enerji sektorunda etibarlı və vacib tərəfdaş kimi təsdiqlədi. Son üç onillikdə “Bakı Enerji Həftəsi” regionun aparıcı beynəlxalq enerji platformalarından birinə çevrilərək dövlət başçılarını, nazirləri, qlobal enerji şirkətlərini, investorları və sənaye mütəxəssislərini enerji sənayesinin gələcəyini formalaşdıran əsas prioritetləri müzakirə etmək üçün bir araya gətirmişdir. Bu il keçirilən tədbirə gəldikdə, regional enerji əməkdaşlığına, enerji təhlükəsizliyinə və beynəlxalq bazarlara enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfələr verən əlamətdar bir inkişaf olan “Şahdəniz” layihəsinin 30-cu ildönümünü qeyd etdiyimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələnin əhəmiyyəti cari ildə həyata keçirilən proqram və müzakirələrdə öz əksini tapır.

Bildiyiniz kimi, bu il keçirilən “Bakı Enerji Həftəsi”, həmçinin geniş beynəlxalq tədbirlər və yüksəksəviyyəli görüşlər proqramı ilə müşayiət olunur ki, bu da Azərbaycanın beynəlxalq dialoq, strateji tərəfdaşlıq və qlobal əməkdaşlıq üçün mühüm platforma kimi rolunu daha da gücləndirir. 2026-cı ildə keçirilən tədbir yeni iştirakçılar və milli pavilyonlar da daxil olmaqla 46 ölkədən 270-dən çox şirkəti bir araya gətirir ki, bu da Azərbaycanın enerji sektoruna artan beynəlxalq marağı və ölkənin uzunmüddətli strateji potensialına inamı aydın şəkildə əks etdirir.

Bu mühüm tədbirin uğurlu təşkilinə verdiyi davamlı dəstəyə və töhfəyə görə Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Dövlət Neft Şirkətinə, bütün dəyərli tərəfdaşlarımıza və sponsorlarımıza səmimi minnətdarlığımı bildirmək istəyirəm.

İcazə verin, bütün iştirakçıları 31-ci “Bakı Enerji Həftəsi”nin açılışı münasibətilə təbrik edim və sizə məhsuldar müzakirələr, görüşlər və həftə ərzində davamlı uğurlar arzulayım. Diqqətinizə görə təşəkkür edirəm.

İndi isə mən böyük şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevi tribunaya dəvət edirəm.

x x x

Sonra dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

-Sabahınız xeyir, xanımlar və cənablar.

Mən “Bakı Enerji Həftəsi”nin bütün iştirakçılarını salamlayıram, bu cür böyük tədbirə uğurlar arzu edirəm.

Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.

Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.

Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.

Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!

Bir sözlə, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.

Hörmətli iştirakçı və təşkilatçı tərəfindən qeyd edildi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adambaşına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.

Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.

Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.

Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.

Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər.

Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.

Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir.

Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik.

Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.

Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Qeyd etdiyim kimi, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.

Əminəm ki, ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır. Bir daha bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edir, “Bakı Enerji Həftəsi”nə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Amerika Birləşmiş Ştatlarının İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə Büronun katibinin köməkçisi Kaleb Orr çıxış edərək dedi:

-Sağ olun, Prezident Əliyev. Prezident Trampın rəhbərlik keyfiyyətləri ilə bağlı söylədiyiniz fikirlərə görə Sizə təşəkkürümüzü bildiririk və düşünürəm ki, Prezident Tramp və Dövlət katibi Rubio bundan çox məmnundur. Sizə uğurlar arzu edirik.

Hörmətli cənab Prezident, nazir Şahbazov, hörmətli Rövşən Nəcəf, nazirlər, xanımlar və cənablar.

Bu gün 31-ci “Bakı Enerji Həftəsi”ndə sizinlə burada olmaqdan çox məmnunam.

Üç onillik ərzində ABŞ və Azərbaycan Respublikası uzunmüddətli tərəfdaşlıq qurmuşdur. Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. Bizim 30 il öncə imzaladığımız “Əsrin müqaviləsi” bütövlükdə bütün neft və qaz bazarlarında vəziyyəti dəyişdi, bir çox nəsillərə xidmət etdi.

Bizim strateji tərəfdaşlığımıza dair Saziş Bakıda Vitse-prezident Vens və Azərbaycan Prezidenti Əliyev tərəfindən imzalanmışdır. Birləşmiş Ştatlar bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır. İndi isə mən ABŞ Prezidenti Donald Trampın məktubunu oxumaq istərdim.

“Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

31-ci “Bakı Enerji Həftəsi”ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur.

Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır.

Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.

Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu “Bakı Enerji Həftəsi” münasibətilə bir daha təbriklərimi çatdırıram.

Səmimiyyətlə,

Donald Tramp”.

Kaleb Orr: Bir daha təşəkkür edirəm, cənab Prezident, hörmətli qonaqlar, sizə bu həftə işinizdə uğurlar arzulayıram.

x x x

Daha sonra Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın “Bakı Enerji Həftəsi”nə məktubunu oxudu:

“Hörmətli iştirakçılar, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğu və sevgi ilə salamlayıram.

Otuz ildən artıq müddətdir qlobal enerji liderlərini, investorları və şirkətləri bir araya gətirən bu mötəbər foruma məktub göndərməklə də olsa, müraciət etməkdən böyük məmnunluq duyuram.

Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. “Şəfəq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığımız bu əməkdaşlığımızın fasiləsiz şəkildə davam etməsinin növbəti bariz sübutudur. Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyib və möhkəmləndirib.

Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük.

Eyni qaydada, ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq.

Hörmətli iştirakçılar, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəliliyi və ətraf mühitə qayğını əsas götürərək məhsuldarlığı təmin etməyə yönəlmiş baxışa sahibdir. Qlobal iqlim fəaliyyəti sahəsində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə daha da möhkəmləndirəcəyik.

Bu fikirlərlə “Bakı Enerji Həftəsi”nin ölkələrimiz və regionumuz üçün xeyirlərə vəsilə olmasını arzulayıram. Tədbirin təşkilində əməyi olanlara təşəkkür edir, Əziz Qardaşım Prezident cənab Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti”.

Alparslan Bayraktar: Hörmətli Prezident Əliyev, hörmətli iştirakçılar. Bir daha “Bakı Enerji Həftəsi”nin açılışında sizin qarşınızda çıxış etməkdən çox məmnun olduğumu bildirirəm. Mən cənab Prezident İlham Əliyevə və Azərbaycan Hökumətinə təşəkkürümü bildirirəm ki, onlar bizə çox səmimi qonaqpərvərlik göstərdilər.

Bu gün biz məhz əlçatan və etibarlı enerjinin təchizatı haqqında danışırıq. Geosiyasi təlatümlər, regionumuzda müharibələr – bu, bizim vəziyyətimizi daha da çətinləşdirir və biz daim enerji sistemimizdə qlobal çətinlikləri görürük. Bu gün baş verən qlobal hadisələr bir daha bizə xatırlatdı ki, enerji təhlükəsizliyi bütün ölkələr üçün strateji prioritet olaraq qalır. Bu gün enerji təhlükəsizliyi sərvətlərə sırf çıxışla məhdudlaşmır, bu, həmçinin təchizatın etibarlılığı, əməliyyatların çevikliyi, bütün imkanların genişləndirilməsi və əməkdaşlıqla bağlıdır. Biz bu gün qarşımızda duran çağırışlara tab gətiririk. Lakin eyni zamanda, biz yeni meydana gələn, bəşəriyyətin üzləşdiyi çətinliklər və iqlim dəyişiklikləri ilə mübarizə aparırıq. Bütün bunlar bizim tərəfimizdən səylərin birləşdirilməsinə, düzgün və etibarlı şəkildə bütün ölçülər arasında tarazlığın tapılmasına imkan yaradır. Biz Türkiyə olaraq hesab edirik ki, burada asılılığımızı azaltmalıyıq və 2050-ci ildə xalis sıfır göstəricisinə nail olmaq planımızı vacib hesab edirik. Bu gün biz Türkiyənin bütün mövcud gücündən istifadə edirik və bütün Avropada beşinciyik, aparıcı mövqedəyik.

Eyni zamanda, biz Günəş enerjisinin daha geniş şəkildə istifadəsinə ümid bəsləyir, yeni enerji quruluşu üzərində işləyirik və daha müqavimətli, daha çevik, daha rəqəmsal formatda çalışan sistemlər qururuq. Təbii ki, bu gün təbii sərvətlər, enerji bizim bazarlarımızın əsasını təşkil edir və bir çox layihələr bundan asılıdır. Bu isə infrastrukturun genişləndirilməsindən, daha böyük sərmayələrin yatırılmasından və əlbəttə ki, qonşularımızla işbirliyinin qurulmasından keçir. Təbii ki, bu gün Türkiyə öz tərəfdaşları ilə iş sayəsində maye qaz və qaz bazarında da çox mühüm dayanıqlı mövqeyə malikdir. Əlbəttə, biz özümüzün qaz hasilatına gəldikdə, növbəti illər ərzində bu artacaq və ümid edirik ki, 7,5 milyard kubmetr həcminə çatacaq, eyni zamanda, bu ilin sonuna qədər biz “Ağ quyu” layihəsinin ilk mərhələsinin tamamlanmasına ümid edirik.

Hörmətli iştirakçılar, bu gün Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər çox gözəl bir nümunədir ki, əməkdaşlıq, strateji dəyər bütün region üçün təmin edilə bilər. Bizim tərəfdaşlığımız ümumi tariximizdə, qardaşlığımızda əks olunur və biz Avropanın enerji təhlükəsizliyinə birgə töhfə veririk.

Burada Zati-aliləri cənab Prezident Əliyev Bakı-Tbilisi-Ceyhan, TANAP və digər layihələri xatırlatdı. Bütün bunlar məhz regionda enerji quruluşunun təmin edilməsinə yönəlib ki, bu da əslində həm istehlakçılar, həm hasilatçılar, həm də tranzit ölkələr üçün çox mühüm bir nümunəyə çevrilmişdir. Hesab edirik ki, bizim əməkdaşlığımız bu hüdudlardan kənara çıxır. Türkiyə ilə Azərbaycan, həmçinin bərpaolunan elektrik enerjisinin nəql edilməsində və enerji dəhlizlərinin açılmasında əməkdaşlıq edir. Gürcüstanla, Bolqarıstanla və digər qonşularımızla əməkdaşlıq edirik. Biz istəyirik ki, həmin TANAP-ın elektrik variantını yaradaq. Şərq ilə Qərb arasındakı strateji mövqeyindən irəli gələrək Türkiyə bundan sonra da etibarlı tərəfdaş olaraq qalacaq və regionda enerji layihələrinin icrasına öz töhfəsini davam etdirəcək. Bu il ərzində nəzərdə tutulan işlərə gəldikdə, ümid edirik ki, Türkiyə, həmçinin iqlim sahəsində aparılan dialoqa öz töhfəsini verəcək.

Mən bir daha cənab Prezident Əliyevə və Azərbaycan Hökumətinə bu gün bizi qəbul etdiyinə görə təşəkkürümü bildirirəm ki, bizi belə mühüm məkanda ənənəvi tədbir çərçivəsində bir araya gətirib. Təşəkkür edirəm.

x x x

Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Zati-aliləri xanımlar və cənablar.

Mən böyük məmnunluq hissi ilə Birləşmiş Krallığı 31-ci “Bakı Enerji Həftəsi”ndə təmsil edirəm və ticarət komissarı kimi ezam olunmuşam.

İndi isə Baş nazir Kir Starmerin məktubunu oxumaq istəyirəm.

“Hörmətli Prezident Əliyev.

2026-cı ilin “Bakı Enerji Həftəsi”ndə iştirak edən hər kəsə səmimi salamlarımı yetirməkdən məmnunam. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.

On səkkiz ay əvvəl COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı. Həmin vaxtdan etibarən planlar fəaliyyətə çevrildi və bərpaolunan mənbələrdə enerji istehsalı sürətləndi, həm quruda, həm də dənizdə yaşıl enerjinin nəqli üçün geniş həll variantları təqdim olundu. Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkəniz təchizat zəncirlərinin şaxələndirilməsi yolu ilə öz enerji dayanıqlılığını formalaşdırmaq məqsədilə Avropa ölkələrinə imkanlar yaratdı. Həmçinin ötən il ölkəniz Sizin uzunmüddətli sülhə sadiqliyinizi gücləndirərək Ermənistana enerji ixracına başladı.

Ortaq iqlim məqsədlərinə doğru çalışdığımız bir vaxtda Birləşmiş Krallıq iqlimə müqavimətimizi gücləndirmək və 2050-ci ilə qədər xalis sıfra nail olmaq məqsədilə bu hökumətin planları üçün çox vacib olan qlobal enerji keçidini sürətləndirmək naminə Azərbaycanla çiyin-çiyinə işləməyə sadiq qalır. Britaniyanın sənayesi başda olmaqla, bizim uzunmüddətli enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin təməl daşı rolunu oynayacaq, hər iki iqtisadiyyatda artımı sürətləndirən amil kimi davamlı xidmət edəcək. Bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində ekspert bacarıqlarımızı birləşdirərək, biz xalis sıfra nail olmaq və çiçəklənən, davamlı gələcəyi təmin etmək baxımından zəruri olan innovasiyanı inkişaf etdirə bilərik.

Bu təşəbbüs üçün göstərdiyiniz liderlik keyfiyyətlərini alqışlayır, Sizə və bütün iştirakçılara olduqca məhsuldar və uğurlu tədbir arzu edirəm.

Kir Starmer

Britaniyanın Baş naziri”.

x x x

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun Enerji, təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə şöbəsinin rəhbəri Kristina Lobilla Borrero çıxış edərək dedi:

-Zati-aliləri.

Hörmətli nazirlər, hörmətli qonaqlar, xanımlar və cənablar.

Bu gün Xəzər Neft və Qaz Sərgisinin açılışında sizinlə birlikdə olmaqdan şərəf duyuram.

Yaxın Şərqdəki mövcud böhran, enerji təhlükəsizliyi bir daha qlobal məsələləri ön plana çıxartdı. Rusiyanın Ukraynaya hücumunun doğurduğu kəskin təchizat böhranından yenicə çıxdıqdan sonra indi başqa bir böhranla qarşılaşırıq. Avropada bu, təchizat çatışmazlığı ilə deyil, dəyişkən qiymətlərlə müəyyən edilir.

Avropa İttifaqı 2050-ci ilə qədər dekarbonizasiya hədəflərimizə qətiyyətlə sadiqdir. Bu yolda irəlilədiyimiz dövrdə biz qazın xalis idxalçısıyıq və həm qiymət dəyişməsindən, həm də təchizat problemlərindən asılıyıq. Bu kontekstdə etibarlı tərəfdaşlar çox vacibdir. Azərbaycan enerji tərəfdaşı, Avropa İttifaqının daha geniş əlaqə və gündəliyinin bir hissəsi kimi mühüm rol oynayır. Buna görə də icazə verin, bu mühüm tədbir üçün hökumətləri, sənaye nümayəndələrini, investorları və texnologiya təminatçılarını bir araya gətirdiyi üçün Azərbaycana təşəkkürümü ifadə edim.

Uzun illərdir ki, bu forum enerji sektoru üçün vacib olan məsələləri gündəmə gətirir. Bunlar təkcə Xəzər regionu üçün deyil, həm də Avropa və daha geniş beynəlxalq enerji birliyi üçün mühüm məsələlərdir. Bakının uzun və möhtəşəm enerji tarixi var. Bununla yanaşı, Bakı enerji tərəfdaşlıqlarının gələcəyinin müzakirə olunduğu bir məkandır. Avropa Komissiyası üçün bu görüş neft və qazın qlobal enerji təhlükəsizliyi, sənaye fəaliyyəti, nəqliyyat və enerji bazarlarının sabitliyində mühüm rol oynamağa davam etdiyi xüsusi bir vaxtda keçirilir. Azərbaycan və Xəzər regionu Avropanın enerji təchizatının etibarlılığını gücləndirməyə kömək edən Cənub Qaz Dəhlizi də daxil olmaqla bu səylərə əhəmiyyətli töhfə verib. Bu töhfə olduqca yüksək qiymətləndirilir. 2021-ci ildən etibarən Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını 40 faizdən çox artırıb. Bu ilin yanvarında Trans-Adriatik boru kəməri ilə 1,2 milyard kubmetr həcmində qaz çatdırılıb. Bu da 2026-cı ildə əlavə qaz tədarükü deməkdir.

Bu gün güclü enerji tərəfdaşlığı yalnız həcmlərlə ölçülmür. Onlar, həmçinin etibarlı təchizat, yüksək əməliyyat standartları, resurslardan səmərəli istifadə, şəffaf hüquqi çərçivələr və metan emissiyalarının azaldılması daxil olmaqla ətraf mühit göstəriciləri ilə ölçülür. Azərbaycanla əməkdaşlığımız bərpaolunan enerji mənbələri və interkonnektorlar sahəsində də genişlənir. Biz Xəzər- Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi planını diqqətlə izləyirik.

Xəzər regionu Cənubi Qafqaz və Avropa arasında gələcək bağlantıya aid daha geniş müzakirənin bir hissəsidir. Bu layihənin növbəti vacib addımı Avropa İttifaqının qarşılıqlı maraq doğuran layihələr çərçivəsində qiymətləndirilmənin aparılmasıdır. Bütün iştirakçı ölkələrin bu ilin sonuna doğru qarşılıqlı maraq doğuran layihə statusunu almaq üçün müraciət etmək niyyəti çox mühüm mərhələdir. Gələcəyə baxdıqda ən güclü enerji tərəfdaşlıqları bu günün etibarlılığını sabahın hazırlığı ilə birləşdirən tərəfdaşlıqlar olacaq. Bu, kommersiya baxımından əlverişli infrastruktur, proqnozlaşdırılabilən investisiya şərtləri, davamlı təchizat zəncirləri, həm də enerji təhlükəsizliyi və enerji keçidini dəstəkləyən texnologiyalar deməkdir.

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı bu ruhda - açıqlıq, praqmatizm, qarşılıqlı fayda, təhlükəsiz, əlverişli və getdikcə dayanıqlı enerji təmin etmək barədə ortaq öhdəliklə davam etdirmək istəyir. Bugünkü tədbir müxtəlif sahələrdə bu iddiaları həyata keçirə biləcək şəxsləri bir araya gətirib. Bütün iştirakçılara sərgi və tədbirlərdə uğurlar arzulayır, tərəfdaşlıqları və müzakirələri səbirsizliklə gözləyirəm.

Təşəkkür edirəm.

x x x

Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Filip Mşelbila çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Hörmətli nazirlər, beynəlxalq təşkilatların rəhbərləri.

Xanımlar və cənablar.

Adı müasir enerji sənayesinin təməlinə yazılmış bu tarixi şəhərdə bu il “Bakı Enerji Həftəsi”nin açılış mərasimində çıxış etmək mənim üçün böyük şərəfdir. İcazə verin, əvvəlcə Azərbaycan hökumətini və xalqını Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə ürəkdən təbrik edim. Zati-aliləri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana davamlı inkişaf, dayanıqlılıq və uğurlar arzulayıram.

Bakı müasir neft sənayesinin yarandığı yerlərdən biri kimi geniş miqyasda tanınır. Qlobal enerji dövrünün mühüm bir fəsli bu torpaqdan başlayır. Bu gün Azərbaycan bu uzun enerji tarixində yeni bir fəsil yazır. Neftdən təbii qaza və indi də bərpaolunan enerji mənbələrinə qədər Azərbaycan enerji lideri kimi yerində dayanmadığını göstərir. Burada söhbət dəyişikliklərə uyğunlaşmaqdan, gələcəyə investisiya qoymaqdan, bazarları birləşdirməkdən və etimad yaratmaqdan gedir. Qeyd olunduğu kimi, hazırda Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur və bu, Azərbaycanı təchiz etdiyi bazarların sayına görə dünyanın aparıcı ölkəsinə çevirir. Qaz İxrac Edən Ölkələr Forumunda biz Azərbaycanın fəaliyyətini yüksək qiymətləndiririk. Aparıcı təbii qaz ixracatçılarından biri kimi Azərbaycan istehsalçı ölkələr arasında dialoqa dəyərli təcrübə gətirir. Bu əməkdaşlığın regional və beynəlxalq qaz bazarlarında artan rolunu əks etdirən şəkildə daha da dərinləşməsini görməkdən şərəf duyarıq.

Forum hazırda qlobal qaz ehtiyatlarının təxminən 70 faizini, bazara çıxarılan qaz istehsalının isə 40 faizindən çoxunu və qlobal LNG ixracının yarısını təmin edən aparıcı ölkələri bir araya gətirir. Bu kollektiv çəki ilə yanaşı, konstruktiv dialoqu təşviq etmək, maraqlı tərəflərimiz arasında məlumatlı qərarqəbuletməni dəstəkləmək, qlobal enerji təhlükəsizliyində, davamlı inkişafda və inklüziv enerji keçidlərində təbii qazın rolunun real sübuta əsaslanan anlaşılmasına töhfə vermək məsuliyyəti də var. Bu yaxınlarda biz 2025-ci il üzrə dünyada təbii qazla bağlı hesabat dərc etmişdik və bunun beş əsas məqamını qeyd etmək istərdim. Birincisi, təbii qaz beynəlxalq enerji qarışmasında öz rolunu artırır. Qlobal səviyyədə 2055-ci ilə qədər təbii qaza tələbat artacaq. Beləliklə, təbii qazın qlobal enerji qarışığında payı 23 faizdən 26 faizədək artacaq. İkinci məsələ, elektrik enerjisinin istehsalıdır. Bu, təbii qaza olan tələbatın əsas şərtidir. Elektrik enerjisində təbii qazın rolu 22 faizdən 2055-ci ilə qədər 32 faizə qədər artacaq ki, bu da tələbatın ciddi artımı deməkdir. Beləliklə, sabit təchizat, yüksək səviyyədə elektrik sistemləri üçün sabit qaz təchizatı lazımdır. Üçüncüsü, tələbatın artımı. Tələbatın artımı əsasən inkişaf etməkdə olan ölkələrdə müşahidə edilir. Asiya və Sakit Okean bölgəsi, Yaxın Şərq, Avrasiya və Afrikada qaza daha çox tələb olacaq. Asiya və Sakit Okean hövzəsində yerləşən ölkələrin tələbatı qlobal səviyyədə qaza tələbatı kəskin şəkildə artıracaq. Bu, iqtisadi artım, sənayeləşmə və elektrik enerjisinə olan tələbatla şərtlənir. Təchizat məsələsi. Təbii qazla bağlı təchizat marşrutları dəyişir. Yaxın Şərqdə, Avrasiyada və Afrikada artım təxminən 80 faizə bərabərdir və bu, kəskin artım deməkdir. Bazarlar hazırda istiqamətini dəyişməkdədir. Bu regionlar qlobal tələbatın artımının mərkəzinə çevriləcək ki, bu, təchizat marşrutlarına da təsir göstərəcək. Beşinci məsələ, qazın çeşididir. LNG və digərləri bir-birindən fərqlənir. Hazırda qlobal səviyyədə 2024-cü ildə olan tələbatın üçdəbiri qədərində artmasını görürük. LNG hazırda ticarət olunan qazın üçdə ikisini təşkil edir və onun növbəti mərhələlərdə ikiqat artması gözlənilir.

Xanımlar və cənablar, qeyri-müəyyənlik mərhələlərində biz enerjiyə olan tələbatın davamlı artdığını görürük və bu reallıq enerji təhlükəsizliyinin yalnız qısamüddətli reaksiyalarla təmin oluna bilməyəcəyini bir daha xatırladır. Bu uzunmüddətli baxış vaxtında həyata keçirilən investisiyalar, dayanıqlı infrastruktur, şaxələndirilmiş marşrutlar, bazarlar və istehsalçılar, istehlakçılar və tranzit ölkələri arasında dayanıqlı əməkdaşlıq yolu ilə qurulmalıdır. Təbii qaz üçün bu əməkdaşlıq vacibdir və beləliklə, həm tələb, həm də təklif sahəsində əməkdaşlıq güclənəcək. Gələcəyin enerji təhlükəsizliyi yalnız resursların mövcudluğundan deyil, həmçinin istehsalçıların və istehlakçıların müştərək öhdəliyindən asılı olacaq ki, onlar birlikdə bu resursları etibarlı, əlçatan və dayanıqlı şəkildə bazarlara çatdırsınlar. Buna görə də təbii qaz və bərpaolunan enerji bir-birini tamamlayır. Forumun baxışına görə, onlar balanslı, real, ədalətli və inklüziv enerji keçidləri prosesində tərəfdaşlardır. Bərpaolunan enerji mənbələri sürətlə genişlənməyə davam edəcək. Təbii qaz isə müasir enerji sistemləri tərəfindən tələb olunan çevikliyi, etibarlılığı və dayanıqlığı təmin edəcək. Artıq təbii qaz bunu edir və bu dəyişkənliyi tənzimləyir.

Azərbaycan bu “ağıllı” strategiyanın praktik nümunəsini təqdim edir. Bərpaolunan enerji potensialının genişləndirilməsi daxili qaz yanmasının istifadəsini azalda, iqtisadi artımı dəstəkləyə və təbii qazın regional, beynəlxalq enerji təhlükəsizliyinə töhfə verməsi üçün əlavə imkanlar yarada bilər. Eyni zamanda, enerjinin resurslardan bazarlara səmərəli şəkildə ötürülməsini təmin etmək üçün qaz infrastrukturu, qarşılıqlı əlaqələr və uzunmüddətli əməkdaşlıq vacib amil olaraq qalır. Bu ruhu nəzərə alaraq, “Bakı Enerji Həftəsi” dünyanın hər tərəfi və beynəlxalq dialoq, beynəlxalq əməkdaşlıq, digər həllərin əldə olunması üçün mühüm bir platformadır. Bu mühüm toplantının keçirilməsinə görə Azərbaycan hökumətinə və təşkilatçılara təşəkkür edir, “Bakı Enerji Həftəsi”nə uğurlar arzulayıram.

Təşəkkür edirəm.

x x x

Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident, hörmətli nazirlər. Sabahınız xeyirli olsun! Bu gün Bakı Enerji Həftəsinin açılışında sizinlə birlikdə olmaqdan böyük məmnuniyyət duyuram. Bizi belə bir mühüm məqamda bir araya gətirdikləri üçün əziz dostum, Azərbaycanın energetika naziri Pərviz Şahbazova səmimi minnətdarlığımı bildirirəm. Çünki o, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında bu tədbirləri, həmçinin bizim burada iştirakımızı təşkil etmişdir.

Hörmətli dostlar, enerji təhlükəsizliyi qlobal bir məsələdir və o, artıq geosiyasi şoklara qarşı həssas olan yanacaq növlərindən asılı qala bilməz. Ən təhlükəsiz enerji daxili bazarda rəqabətədavamlı olan və geosiyasi dəyişikliklərə məruz qalmadan yerli imkanlar hesabına istehsal edilə bilən enerjidir. Son hadisələr enerji bazarlarındakı böhranın dünyanın hər yerində iqtisadiyyatlar, sənaye və ev təsərrüfatları arasında nə qədər tez əks-səda verə biləcəyini bizə xatırlatmış oldu. Bu, hökumətlər və sənaye üçün aydın prioriteti vurğulayır: ölkələr etibarlı, əlverişli, yerli mənbələrdən əldə edilə bilən, bərpaolunan enerjiyə keçidi sürətləndirməlidirlər, eyni zamanda, qeyri-müəyyən dünyada rəqabət qabiliyyətlərini gücləndirməlidirlər. Bu kontekstdə biz müasir dövrün ən kəskin enerji böhranını yaşayırıq və bunun fərqli şərhləri var. Bildiyiniz kimi, fərqli-fərqli həllər irəli sürülür. Lakin həmin həllər tarixdə olan enerji böhranları zamanı keçərli idi. Dünya isə dəyişməkdədir və biz bu dəyişkən dünyaya hazır olmalıyıq. Biz qısamüddətli həllər təklif edirik və çalışırıq ki, yeni enerji sisteminə keçidi daha da sürətləndirək. Lakin bu, heç də asan deyil. IRENA bu yaxınlarda dayanıqlığı gücləndirmək və uzunmüddətli enerji təhlükəsizliyini artırmaq üçün strateji tədbirləri müəyyən edən siyasi məsləhətləşmələrə dair sənəd dərc etdi və ismarış aydındır. Üç müddətdə fəaliyyətə və tədbirlərə ehtiyac var. Qısamüddətli prioritet miqyası dəyişmək, enerji səmərəliliyini artırmaqdır. Orta müddətdə isə biz əlaqələri gücləndirməliyik. Nəhayət, uzun müddətdə biz enerji sistemlərini daha təhlükəsiz etməli, sənaye və maliyyə arasında daha güclü uyğunlaşma yolu ilə təhlükəsiz enerji sistemləri qurmalıyıq.

Regionlar fərqli reallıqlarla üzləşsələr də, ortaq prioritetlərimiz aydındır: 2030-cu ilə qədər bərpaolunan enerji potensialını üç dəfə, enerji səmərəliliyini isə iki dəfə artırmaq, həmçinin şəbəkələrin, anbarların və dayanıqlı yanacaq növlərinin inkişafı üzrə öhdəlikləri irəli aparmaq. Bu gündəliyin aktuallığı, xüsusilə sürətli iqtisadi artım və infrastruktur inkişafı dövrünü yaşayan bölgələrdə özünü aydın büruzə verir. Mərkəzi Asiyada bol təbii sərvətlər və geniş bərpaolunan enerji potensialı mövcuddur. Onun strateji mövqeyi, qonşu bölgələri birləşdirən yaşıl enerji dəhlizlərinin yaradılması səyləri artım üçün geniş imkanlar vəd edir. Bu baxımdan Azərbaycanın liderliyini xüsusilə qeyd etmişəm. 2027-ci ilə qədər 2 giqavat yaşıl enerji layihələrini həyata keçirmək iddiasına görə Azərbaycanın liderliyini təqdir edirəm. Həmçinin Azərbaycanın 2026-cı il üçün şuramızın üzvü və 2027-ci ildə XVII IRENA Assambleyasının sədr müavini olmaqla, IRENA-nın idarəetməsində fəal rolunu vurğulamaq istərdim.

Bundan əlavə, Azərbaycan Bakıda keçirilən COP29-da IRENA-nın Mərkəzi Asiyada bərpaolunan enerji üzrə sürətləndirilmiş tərəfdaşlığının - APRECA adlanan tərəfdaşlığın başlanmasında əsas rol oynamışdır. Növbəti COP-un ev sahibi olaraq, Türkiyədən olan dostlarımızla əməkdaşlıq çərçivəsində Azərbaycanda əldə edilən uğurları daha da inkişaf etdirmək niyyətindəyik. Biz COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi dövründə Bakıda qazanılan nailiyyətləri daha da irəli aparmaq istəyirik. APRECA artan investisiya, daha güclü regional qarşılıqlı əlaqə və davamlı artım yolu ilə enerji keçidini inkişaf etdirməyə çalışır. Bizə maliyyələşdirilməsi üçün 1600-dən çox layihə daxil olub və çıxışımın sonunda istərdim qeyd edim ki, keçən il 700 giqavat bərpaolunan enerji potensialı yaradılmışdır. Bu, həmçinin effektivlik, potensialın artırılması deməkdir. Bizim bir il ərzində yaratdığımız elektrik enerjisi potensialı, nüvə enerjisinin 70 il ərzində yaratdığı ümumi potensiala bərabərdir. Beləliklə, biz öz potensialımızı artırmalıyıq. Son beş ildə elektrik enerjisinin əldə olunması üçün 90 faizə yaxın bərpaolunan enerjidən, mənbələrdən istifadə edilib. Odur ki, enerji sistemi dəyişməkdədir. Bunu dəfələrlə ictimaiyyət qarşısında demişəm, sual ondan ibarət deyil ki, bərpaolunan enerji tamamilə təmizdir. Sosial baxımdan bəlkə də bu, daha məqbul hesab olunacaq. Çünki biz yeni iş yerləri yaradırıq, investisiyalar cəlb edirik. Lakin ən önəmli məqam odur ki, gələcək iqtisadiyyatların rəqabət qabiliyyəti birbaşa enerji sistemlərinin potensialından və bu sistemlərin sənayeni ən aşağı qiymətlə elektrik enerjisi ilə təmin edə bilməsindən asılı olacaq. Bu isə bərpaolunan enerji olmadan mümkün deyil.

Təşəkkür edirəm.

X X X

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident Əliyev.

Xanımlar və cənablar, hörmətli qonaqlar, nazirlər, dostlar.

Bir daha Azərbaycana qayıtmaq, yaşadığın bir ölkəyə qayıtmaq çox xoşdur və xüsusilə bu tədbir çərçivəsində. Biz burada AÇG-də ilk kommersiya qaz hasilatını qeyd etmək üçün görüşmüşdük. Bundan əlavə, daha geniş mənada bir insanın baxışı sayəsində buradayıq. Ümummilli Lider Heydər Əliyevin illər əvvəl üzləşdiyi çətinlik bu idi: müstəqilliyini yeni bərpa etmiş ölkə və onun enerji resursları sözsüz ki, yenilənməli, modernləşməli idi və Azərbaycan böyük enerji ixrac edən ölkə kimi öz layiqli yerinə qayıtmalı idi. Plan ondan ibarət idi ki, kapital və təcrübə gətirilsin, bu sənaye sıfırdan qurulsun. Bu baxış bp-ni 32 il əvvəl Bakıya gətirmişdir və biz o vaxtı “Əsrin müqaviləsi”ni imzaladıq. O vaxtdan bəri AÇG-dən ixrac üçün təxminən 4,6 milyard barel neft hasil edilmişdir. Birlikdə bacarıqlı işçi qüvvəsi yaratmışıq. bp-nin Azərbaycandakı komandasının 90 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Bakı üfüq xətti daha da yüksəlib və daha da parlaqdır. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təməl daşına çevrilib. Bu da mənə bu layihə ilə əlaqədar sizin qarşınızda çıxış etmək üçün əsas yaradır. AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması doğrudan da böyük hadisədir. Çünki əvvəllər - biz Hasilatın Pay Bölgüsü Sazişini imzalayanda bazarlar və infrastruktur hələ mövcud deyildi. İndi isə iki il əvvəl imzaladığımız əlavə sənəd əsasında 4,6 trilyon kub hasil edə bilirik. Beləliklə, bizim heyətlərimizin və əməkdaşlarımızın birgə işini qeyd etmək istəyirəm.

AÇG dünyanın ən böyük yataqlarından biri olaraq nəhəng və mürəkkəb yataqdır. Qeyri-səmt qazı neftin üstündəki və altındakı təbəqələrdə mövcuddur. Gözəl bir xəbər - daha dərin yataqların dibində qaz və su arasında nazik bir neft kanalı aşkar etmişik. Bütün bunlar böyük texniki bacarıqlar tələb edir. Yeni qaz sistemlərinin mövcud neft infrastrukturu ilə inteqrasiyası üfüqi qazma və qabaqcıl geoidarəetmə kimi mürəkkəb texnologiyalar vasitəsilə mümkündür. Bu proses tamamilə təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməlidir. Bütün bunlar təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməlidir. Buna görə də bp-Azərbaycan komandasına, SOCAR-a, AÇG layihəsindəki tərəfdaşlarımıza, yüzlərlə yerli və beynəlxalq podratçımıza səmimi qəlbdən təşəkkürümü ifadə edirəm. Bu, doğrudan da əsl həqiqi komanda işidir. Həmçinin Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkürümü çatdırmaq istəyirəm.

Neft və qaz hər hansı millət üçün bir nemətdir. Lakin bu, heç vaxt təkbaşına kifayət deyil. Böyük karbohidrogen sektoru səbir və investisiya qoymağa hazırlıq tələb edir. Yalnız illik büdcə dövrləri ilə deyil, onillik üfüqlərlə düşünmək lazımdır və Azərbaycan bunu bacardı. Vizyona malik rəhbərlik, SOCAR-la parlaq tərəfdaşlıq və ağıllı tənzimləmə. Bunlar daha çox bareli hasil etməyə imkan verdi.

Gələcəyə baxaq. Bizim çox sabit bir boru kəmərlərimiz var və onlar Xəzər dənizindən resurslar daşıyır. Həmçinin “Şahdəniz” kompressiya layihəmiz var. Hazırda yerli istehsal müəssisələri platformanı inşa edir. AÇG-nin ilk sualtı birləşdiricisi olan “Qarabağ” yatağı var. Həmçinin bu, Xəzərdə ilk dəfə boru kəmərləri və kabelləri vahid dəstə halında çatdıracaq. Həmçinin Cəbrayılda Günəş elektrik enerjisi layihəmiz var ki, bu, Səngəçal terminalının elektrikləşdirilməsinə və ixrac üçün qaza qənaətə kömək edəcək. Biz, həmçinin universitetlərlə, müxtəlif qurumlarla enerjidən başqa, ətraf mühit sahəsində də layihələr reallaşdırırıq. Bu da gələcəyimiz üçün çox vacibdir. Eyni zamanda, Azərbaycan uzun müddətdir ki, Xəzərin aparıcı istehsalçısıdır. İnanıram ki, bu rol Mərkəzi Asiyadakı istehsalı Avropa və ondan kənardakı bazarlara çatdırmaq üçün daha da artacaq.

Bu yaxınlarda Özbəkistanda SOCAR tərəfindən idarə olunan altı blok üzrə ilk Pay Bölgüsü Sazişini imzalamışıq. bp, həmçinin Qazaxıstanda qiymətləndirmə və prosessual olaraq inkişaf etdirmə barədə razılıq əldə edib. Eyni zamanda, biz güclü, uzunmüddətli tərəfdaşlıqların yaradılmasını bilirik və birlikdə daha çox məsələlərə nail ola bilərik.

Zati-aliləri, xanımlar və cənablar, bizi qarşıda böyük iş gözləyir, amma bu gün mərasimdir - biz yeni qaz hasilatını, AÇG üçün yeni imkanları qeyd edirik. Bu, böyük yatağın potensialı haqqında bizə daha çox məlumat verəcək yeni bir mərhələdir. Həmçinin xalqınızın bacarığını, ölkənizlə bp arasındakı dostluğu, istedadları və komanda işini qeyd edirik. Heç vaxt unutmamalıyıq ki, bunun əsasında nə dayanır. Bu, hər yerdə işığın yanmasına, dünyanı hərəkətlə təmin etməyə və inkişaf etdirməyə aparan bir yoldur. Biz bunu heç zaman unutmamalıyıq.

Təşəkkür edirəm.

X X X

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxış edərək dedi:

-Zati-aliləri cənab Prezident, hörmətli qonaqlar. Bu gün biz yeni fəslin açılışının şahidi oluruq. Bu, “Azəri-Çıraq-Günəşli” yatağının tarixinin növbəti mərhələsidir, ilk sərbəst təbii qaz hasilatının başlanması mərasimidir. Bu layihə fundamental olaraq yeni mərhələyə keçid alır və strateji dəyər yaradacaq. Bu, AÇG-nin inkişafında strateji mərhələdir və inteqrasiya olunmuş bir layihənin çərçivəsi olacaq, Azərbaycan üçün yeni imkanlar açacaq, tərəfdaşlar üçün yeni imkanlar vəd edəcək. AÇG illər boyu vacib mənbə kimi tanınıb və beləliklə, ilk sərbəst təbii qaz hasilatının başlanması bir daha onu nümayiş etdirir ki, bu layihə geniş potensiala malikdir, uzunmüddətli enerji təhlükəsizliyinə öz töhfəsini verir və Azərbaycanın qlobal enerji bazarında rolunu gücləndirir.

Hörmətli qonaqlar, eyni zamanda, yeni mərhələnin başlanması bir daha Azərbaycanın artan potensialını nümayiş etdirir, yataqların optimizasiyasını və dənizdə aparılan əməliyyatların gücləndirilməsini göstərir. Beləliklə, Azərbaycan bu istiqamətdə uzunmüddətli resursların bərpası üçün dərin təcrübəyə malikdir və bu yeni mərhələ mövcud infrastrukturun səmərəli istifadəsi nəticəsində mümkün olmuşdur - müasir texnologiyalarla və onların dənizdə tətbiqi ilə. Bu, həm də iqtisadi baxımdan layihənin uzunmüddətli dayanıqlığını təmin edəcək. Enerji bazarlarının, enerji təhlükəsizliyinin və təchizat zəncirlərinin çətinliklə üzləşdiyi dövrdə Azərbaycan özünü etibarlı, uzunmüddətli və məsuliyyətli enerji təchizatçısı kimi nümayiş etdirir.

Xanımlar və cənablar, bu gün qeyd etdiyimiz nailiyyət güclü baxışın təcəssümüdür və beynəlxalq əməkdaşlıq nəticəsində mümkün olmuşdur. İstərdim ki, Azərbaycan Respublikasının Prezidenti, Zati-ailələri cənab İlham Əliyevə səmimi-qəlbdən təşəkkürümüzü bildirim. Bu layihə onun dəstəyi, strateji baxışı və davamlı diqqəti nəticəsində mümkün olmuşdur. Bu, Azərbaycanın uzunmüddətli enerji sektorunun inkişafını təmin edəcək. Bu, sözsüz ki, bizim üçün böyük bir öhdəlik və məsuliyyətdir. Biz cənab Prezidentin rəhbərliyi ilə həm şirkətin, həm də sektorun inkişafını təmin etməliyik. Bu, Azərbaycan şirkəti olan SOCAR-ı beynəlxalq şirkətə çevirəcək, eyni zamanda, çox mühüm regional enerji və qaz layihələrinin icrasına dəstək olacaq.

Bütün beynəlxalq tərəfdaşlara və maraqlı tərəflərə səmimi-qəlbdən təşəkkürümü bildirirəm. Mühəndislərə, geoloqlara, texniklərə və bütün mütəxəssislərə ki, onların səyləri nəticəsində biz bu mühüm mərhələyə çatmışıq. AÇG-dən ilk sərbəst təbii qazın hasilatı - bu, yalnız texnoloji nailiyyət deyil. Bu göstərir ki, AÇG 30 il ərzində müvəffəqiyyətli hasilatla bərabər, yenə də strateji dəyər yaratmaqdadır və Azərbaycanın uzunmüddətli inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Diqqətiniz üçün təşəkkür edirəm.

X X X

Sonra “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirildi.

x x x

Daha sonra sənədlərin imzalanması mərasimi oldu.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron”, “ADNOC International Project Co 1 RSC Limited” və “BOTAŞ Boru Hatları İle Petrol Taşıma A.Ş.” arasında Abşeron yatağından təbii qazın alqı-satqısına dair Saziş”i SOCAR-ın prezidenti Rövşən Nəcəf, BOTAŞ-ın İdarə Heyətinin sədri və baş direktoru Abdulvahit Fidan, “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Martina Opizzi və XRG-nin beynəlxalq qaz üzrə prezidenti Mohammed Al Aryani imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Serbiyanın “Elektroprivreda Srbije” (EPS) dövlət enerji şirkəti arasında Serbiyada Niş qaz-turbinli elektrik stansiyası layihəsi üzrə Niyyət Protokolu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və EPS-in baş direktoru Duşan Jivkoviç imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Shell Overseas Holdings Ltd” arasında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Shell” şirkətinin satınalmalar, aktivlərin satışı və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Valid Hadi imzaladılar.

“SOCAR Trading Gas & Power” SARL ilə “Azienda Autonoma Di Stato Per I Servizi Pubblici” (AASS) arasında təbii qazın tədarükü və qəbulu ilə bağlı Baş Saziş”i “SOCAR Trading Gas & Power” SARL şirkəti adından SOCAR-ın prezidenti Rövşən Nəcəf və AASS-nin baş direktoru Marsello Forsellini imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Comstock Resources, Inc”. (COMSTOCK) arasında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Comstock Resources, Inc.”in maliyyə və investorlarla əlaqələr üzrə vitse-prezidenti Ron Mills imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “J.P. Morgan Securities Plc” arasında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və “J.P. Morgan Securities Plc” adından qurumun Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə kreditlər və strukturlaşdırılmış kreditlər üzrə vitse-prezidenti Martinas Saltenis imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Chevron Caspian Exploration B.V.” arasında Birgə Tədqiqat Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Chevron Caspian Exploration B.V.”in Avrasiya biznesi üzrə prezidenti Derek Magness imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Apollo Capital Management L.P.” arasında Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Türkiye Enerji A.Ş”, “SOCAR CASPIAN HOLDING” LTD və “AP CASPIAN ISSUER” MMC arasında İnvestisiyaya Dəstək Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Apollo Capital Management, L.P.”nin kredit və əsas strukturlaşdırılmış maliyyə üzrə baş meneceri Conatan Bar imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Corc Vaşinqton Universiteti arasında Əməkdaşlıq üzrə Niyyət Məktubu”nu SOCAR-ın prezidenti Rövşən Nəcəf və Corc Vaşinqton Universitetinin qlobal təşəbbüslər üzrə dekan köməkçisi Sevinc Məmmədova imzaladılar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Haimaker.ai Inc.” şirkəti arasında süni intellekt buludunun inkişafı üzrə Əməkdaşlıq Sazişi”ni SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Haimaker.ai Inc”in baş icraçı direktoru Su Le imzaladılar.

“Kritik mineralların və nadir torpaqların mədəni və emalı sahəsində təchizatın təminatı üzrə Azərbaycan-Amerika Birləşmiş Ştatları Çərçivəsi”ni Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr imzaladılar.

x x x

Prezident İlham Əliyev sərginin xatirə kitabını imzaladı.

x x x

Sonra dövlətimizin başçısı sərgilərlə tanış oldu.

İyunun 3-dək davam edəcək “Bakı Enerji Həftəsi” Xəzər regionunun ən nüfuzlu enerji tədbirlərindən olaraq, qlobal enerji liderlərini, dünyanın aparıcı enerji şirkətlərini, dövlət qurumlarını, investorları və sənaye mütəxəssislərini bir araya gətirir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə əsası qoyulmuş “Caspian Oil and Gas” sərgisinin məntiqi davamı olan bu tədbir təşkil edildiyi illər ərzində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşıb.

“Bakı Enerji Həftəsi” özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”.

Uzun illərdir ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir.

Builki tədbirdə dünyanın 46 ölkəsindən 276 şirkət iştirak edir. Bu, ölkələrin sayına görə sərgi tarixində rekord göstəricidir. Almaniya və Rusiya “Bakı Enerji Həftəsi”ndə milli pavilyonlarla təmsil olunurlar. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir.

Daimi iştirakçılar isə ümumilikdə sərgi sahəsinin 40 faizini əhatə edir.

Regionun ən böyük enerji şirkəti - “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” – SOCAR axtarış-kəşfiyyat, hasilat, nəql, emal, kimya məhsullarının istehsalı, marketinq, yanacağın pərakəndə satışı, qaz paylanması və bərpaolunan enerji mənbələrinin inkişafı ilə məşğul olur. SOCAR dünyanın 15-dən çox ölkəsində fəaliyyət göstərir. Şirkət şanlı neft və qaz irsimizi innovativ texnologiyalarla genişləndirir. SOCAR yerli, regional və beynəlxalq kontekstdə davamlı inkişafa və enerji təhlükəsizliyinə uğurla töhfə verir. 2035-ci ilə qədər Korporativ Strategiyaya əsasən SOCAR-ın uzunmüddətli hədəfləri rəqəmsallaşma, innovasiya və yaşıl enerjiyə keçid yolu ilə fəaliyyətini inkişaf etdirən müasir enerji şirkəti olmaqdır.

Qlobal enerji şirkəti olan “bp Azərbaycan” ölkəmizin enerji sektorunda ən iri beynəlxalq tərəfdaşlardan biridir və Xəzər dənizində yerləşən əsas neft-qaz yataqlarının operatorudur. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının və “Şahdəniz” qaz-kondensat yatağının operatoru kimi fəaliyyət göstərir. Hasil olunan karbohidrogenlər bp-nin region üzrə strateji mərkəzi hesab olunan Səngəçal terminalında emal edilir və Bakı–Tbilisi–Ceyhan (BTC), Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə beynəlxalq bazarlara nəql olunur. Şirkət hazırda AÇG-də ACE platforması, “Şahdəniz Compression” layihəsi, “Şəfəq-Asiman” strukturu, həmçinin platformaların elektrikləşdirilməsi və yaşıl enerji istiqamətində layihələr həyata keçirir. bp Azərbaycanda yerli kadrların inkişafına da xüsusi diqqət ayırır. “bp Azərbaycan”ın işçilərinin böyük hissəsini yerli mütəxəssislər təşkil edir.

“TotalEnergies” neft-qaz, LNG, bərpaolunan enerji və elektrik enerjisi sahələrində Fransanın ən iri enerji şirkətlərindən biridir. Şirkət ölkəmizin əsas beynəlxalq enerji tərəfdaşları sırasında Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. “TotalEnergies” Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərində 5 faiz paya malikdir və Abşeron qaz-kondensat yatağının əsas iştirakçılarından biridir. Şirkət bu yataqda 35 faiz paya sahibdir və layihəni SOCAR ilə birlikdə həyata keçirir. Abşeron yatağının birinci fazası üzrə hasilata 2023-cü ilin iyulunda başlanılıb. Hazırda hasilat gücü gündəlik 4 milyon kubmetr qaz, həmçinin 13 min barel kondensat təşkil edir. Bu qaz Azərbaycanın daxili bazarına yönləndirilir. 2025-ci ildə tərəfdaşlar yatağın tammiqyaslı işlənməsi üzrə ilkin texniki layihələndirmə mərhələsinə start veriblər. Layihənin növbəti mərhələsində maksimum hasilat dövründə əlavə 110 min barel neft ekvivalenti həcmində gündəlik hasilat nəzərdə tutulur. Şirkət, eyni zamanda, Azərbaycanda enerji keçidi, dekarbonizasiya və yaşıl enerji istiqamətində əməkdaşlığı genişləndirir.

Səudiyyə Ərəbistanı Krallığının “Acwa” bərpaolunan enerji şirkəti dəniz suyunun duzsuzlaşdırılması sahəsində dünyanın ən böyük özəl operatorlarından olaraq, yaşıl hidrogen texnologiyaları və qlobal enerji transformasiyası sahəsində aparıcı şirkətlərdən biridir. 2004-cü ildə yaradılmış “Acwa” hazırda Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya daxil olmaqla 15 ölkədə fəaliyyət göstərir. Şirkətin portfelinə enerji və su sahəsində ümumi investisiya dəyəri 117 milyard ABŞ dollarından çox olan 100-dən artıq layihə daxildir. Azərbaycanda “Acwa” əsasən yaşıl enerji istiqamətində fəaliyyət göstərir və ölkənin enerji keçidi strategiyasının əsas beynəlxalq tərəfdaşlarından biridir. Şirkət Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə külək elektrik stansiyasının investorudur. Bu layihə Azərbaycanın ilk iri xarici investisiyalı bərpaolunan enerji layihələrindəndir. “Acwa”, həmçinin SOCAR ilə birlikdə Xəzər dənizində külək enerjisi və yaşıl hidrogen layihələri üzrə əməkdaşlıq edir.

Amerika Birləşmiş Ştatlarının “SLB” şirkəti enerji sahəsində qlobal texnoloji şirkətdir. Dünyanın ən iri neft-mədən xidmətləri və enerji texnologiyaları şirkətlərindən biri kimi “SLB” bir əsrdən artıq müddətdə sənayenin ən mürəkkəb çağırışlarını texnoloji yeniliklərə çevirərək enerji sektorunda lider mövqeyini qoruyub saxlayır. Bu gün “SLB” neft-qaz yataqlarının kəşfiyyatı, qazma, quyu tamamlama, geofizika, rəqəmsal texnologiyalar və enerji keçidi həlləri sahələrində çalışır. Şirkət Azərbaycanda uzun illərdir fəaliyyət göstərir və AÇG, Şahdəniz kimi iri layihələrdə əsas texnoloji tərəfdaşlardandır. “SLB” bp və SOCAR ilə əməkdaşlıq çərçivəsində qazma, texniki xidmət, avtomatlaşdırma və rəqəmsal həllər təqdim edir. Son illərdə şirkət emissiyaların azaldılması, rəqəmsallaşma və dayanıqlı enerji texnologiyalarına da xüsusi diqqət yetirir.

ADNOC-un beynəlxalq enerji investisiya şirkəti olan Birləşmiş Ərəb Əmirliklərinin “XRG” şirkəti təbii qaz, kimya sənayesi və enerji həlləri sahələrində qlobal portfel formalaşdırıb. 2024-cü ildə yaradılan şirkət hazırda LNG, qaz infrastrukturu, aşağıkarbonlu enerji, yaşıl hidrogen və enerji transformasiyası istiqamətlərində fəaliyyətini genişləndirir. Azərbaycanda ADNOC-un regional əməkdaşlıq strategiyasının bir hissəsi kimi SOCAR ilə enerji keçidi, qaz infrastrukturu və aşağıkarbonlu layihələr üzrə əməkdaşlığı inkişaf etdirən şirkət qlobal enerji bazarında strateji mövqeyini möhkəmləndirir.

Özbəkistanın milli neft-qaz şirkəti və Mərkəzi Asiyanın ən böyük dövlət enerji qurumlarından biri olan “Uzbekneftegaz” neft və qaz yataqlarının kəşfiyyatı, hasilatı, emalı, neft-kimya məhsullarının istehsalı və enerji infrastrukturu sahələrində fəaliyyət göstərir. Son illərdə qaz emalı, neft-kimya və enerji səmərəliliyi layihələrinə böyük investisiyalar yatıran “Uzbekneftegaz” beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Şirkət Azərbaycanda əsasən regional enerji əməkdaşlığı və beynəlxalq enerji platformaları çərçivəsində iştirak edir, SOCAR və digər şirkətlərlə təcrübə mübadiləsi və enerji layihələri üzrə tərəfdaşlığı möhkəmləndirir.

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin bu gün dünya üzrə layihə portfelinin ümumi gücü 50 GVt-dan çoxdur. Şirkət 2030-cu ilə qədər bu göstəricini 100 GVt-a çatdırmağı planlaşdırır. Hazırda qlobal enerji keçidinin aparıcı iştirakçılarından biri olan “Masdar” Azərbaycanda yaşıl enerji sahəsində ən fəal beynəlxalq tərəfdaşlardandır. Şirkət ölkənin ilk iri sənaye miqyaslı Günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının investorudur. “Masdar” ölkəmizin yaşıl enerji strategiyasının əsas tərəfdaşlarından biri kimi SOCAR və Azərbaycan Hökuməti ilə birlikdə ümumi gücü bir neçə giqavat olan Günəş və külək enerjisi layihələrinin inkişafı istiqamətində əməkdaşlıq edir.

Çinin 1973-cü ildə təsis edilmiş “China Petroleum Pipeline Engineering” şirkəti neft və qaz boru kəmərlərinin tikintisini həyata keçirir. Şirkət, eyni zamanda, enerjinin saxlanması və nəqli infrastrukturu sahəsində ixtisaslaşıb və Çində uzunmüddətli boru kəmərləri üzrə ümumi iş həcminin 70 faizindən çoxunu icra edir. O, elmi-tədqiqat, layihələndirmə, məsləhət, tikinti və istismar daxil olmaqla tam sənaye zənciri üzrə fəaliyyət göstərir. Şirkətin beynəlxalq fəaliyyəti 50-dən çox ölkəni əhatə edir və əsas istiqamətlərinə neft-qaz boru kəmərləri, kompressor stansiyaları, LNG terminalları və enerji infrastrukturu layihələri daxildir. Hazırda şirkət potensial tərəfdaş kimi SOCAR ilə əməkdaşlığın qurulmasını nəzərdən keçirir.

Türkiyənin milli neft şirkəti “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) qlobal enerji şirkəti olaraq karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində 70 ildən çox təcrübəyə malikdir. Şirkət Azərbaycan, İraq, Liviya, Pakistan, Somali və digər ölkələrdə fəaliyyət göstərən geniş beynəlxalq layihələr portfeli ilə neft və qaz yataqlarının kəşfiyyatı, hasilatı, qazma işləri və enerji layihələrinin idarə olunması ilə məşğuldur. Şirkət Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir və “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Cənubi Qafqaz Boru Kəməri”, “Bakı–Tbilisi–Ceyhan” və “Şəfəq-Asiman” layihələrində iştirak payına malikdir. Şirkət Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının inkişafında mühüm rol oynamaqla, regionun enerji təhlükəsizliyi üçün mühüm layihələrdə iştirak edir, dayanıqlı inkişaf və ətraf mühitə məsuliyyət prinsipini uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.

***

16:02

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

APA xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir, xanımlar və cənablar.

Mən “Bakı Enerji Həftəsi”nin bütün iştirakçılarını salamlayıram, bu cür böyük tədbirə uğurlar arzu edirəm.

Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu. Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz-1” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.

Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm.

Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar.

Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!

Bir sözlə, hesab edirəm ki, hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik və praqmatik siyasəti sayəsində ərsəyə gəlmişdir. Hamımız ona bir daha minnətdarıq. Ölkələr neft və qazın mövcud olmasına görə günahlandırılmalı deyil, çünki neft və qaz digər adi əmtəə kimidir. Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda məhz belə hal idi. Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir. Bütün bunlar göstərir ki, ölkənizi beynəlxalq sərmayələrə açıq edəndə, milli maraqlara əsaslanan müdrik siyasət aparanda siz uğur qazanırsınız.

Hörmətli iştirakçı və təşkilatçı tərəfindən qeyd edildi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Yeri gəlmişkən, təşkilatçılara da öz dərin təşəkkürümüzü bildiririk. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Əgər bu gün biz Azərbaycana nəzər salsaq həmin transformasiyaya gəldikdə, bu sərvətlərdən necə istifadə etdiyimizə, onun yenidən sosial infrastruktura, təhsilə, səhiyyəyə, enerji sahəsinin inkişafına yatırdığımıza əsasən deyə bilərik ki, ölkələr necə inkişaf etməlidir və bu yol 1990-cı illərin əvvəlində üzləşdiyimiz eyni problemlərdən müəyyən dərəcədə əziyyət çəkən ölkələr üçün örnək olmalıdır.

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin strategiyaya əsaslanırdı. Biz demək olar ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Əlbəttə ki, müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər.

Enerji təhlükəsizliyi. Biz hamımız ondan danışırıq, xüsusilə indi Yaxın Şərqdəki böhran bir çox ölkələrin, istehsalçı və istehlakçıların enerji təhlükəsizliyinə ciddi zərbə vurduğu vaxtda. Biz bunun üzərində uzun illər çalışmışıq. Biz böyük sərmayələr yatırmışıq və Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərləri kimi irimiqyaslı infrastruktur layihələrinə başlamışıq. Cənubi Qafqaz qaz kəməri ilə günümüzün ən iddialı enerji infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizini təşkil edən TANAP və TAP, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri 3500 kilometr uzunluğunda birləşmiş boru xətti sistemindən ibarətdir. Layihənin bir hissəsi yüksək dağlıq ərazidən keçir, bir hissəsi isə dənizin dibi ilə gedir. Bu gün bu layihə sayı artmaqda olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Biz bu layihəyə başladıq və bizimlə birlikdə olan tərəfdaş ölkələrə və şirkətlərə minnətdarıq.

Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq. Yeri gəlmişkən, bu gün bizdə bir neçə sənədin imzalanma mərasimi olacaq. Mən xüsusilə “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsini vurğulamaq istəyirəm, biz bunu belə adlandırırıq. Bu layihə üzrə Abşeron yatağı və bir çox digər yataqlarla yanaşı, əlavə qaz hasil ediləcəkdir. Beləliklə, bizim qlobal enerji təhlükəsizliyinə töhfəmiz, əlbəttə ki, artacaqdır. Düzgün enerji siyasəti bizə Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan əvvəl biz investorları cəlb edirdik. İndi isə öz investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti – SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və bu coğrafiya daha da genişlənəcək.

Biz Xəzər dənizinin şərq sahillərində yerləşən dost və tərəfdaşlarımız üçün mühüm tranzit imkanları təqdim edirik. Mərkəzi Asiyadan hasil olunan neft Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır. Ümid edirəm ki, yaxın gələcəkdə təbii qazla bağlı da eyni sözləri deyə biləcəyik.

Biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emalı gücü 30 milyon tondan artıqdır. Bu yaxınlarda “Italiana Petroli”nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücümüz 13 milyon tondan 23 milyon tona yüksəlmişdir. Beləliklə, biz yalnız neft və qaz deyil, həm də neft məhsullarını təchiz edirik. Bununla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində də ixrac imkanlarımız mövcuddur. Bu istiqamət fəaliyyətimizin əsas prioritetlərindən biridir. Artıq qeyd etdiyim kimi, ölkələr sahib olduqları neft ehtiyatlarına əsasən deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə və bərpaolunan enerjiyə necə sərmayə yatırdıqlarına görə qiymətləndirilməlidirlər.

Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir.

Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Bu yaxınlarda həmin ölkələrin hökumət nümayəndələrinin çox səmərəli görüşü keçirilmişdir.

Biz, həmçinin Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işləyirik.

Beləliklə, söhbət geniş coğrafiyanı əhatə edən böyük əməkdaşlıq məkanından gedir və bu bağlılıq yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Halbuki, nəqliyyat sahəsində əldə etdiyimiz nailiyyətlərlə də haqlı olaraq fəxr edə bilərik. Dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğumuz sərmayələr sayəsində yeni nəqliyyat dəhlizləri açmışıq və qitələri bir-biri ilə əlaqələndirmişik.

Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir.

Xüsusilə vurğulamaq istədiyim digər bir məsələ isə ondan ibarətdir ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq.

Qeyd etdiyim kimi, bu gün Cənub Qaz Dəhlizi və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir.

Əminəm ki, ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir. Bir neçə dəqiqədən sonra bu nəticələrin bir qisminin şahidi olacağıq. Lakin əminəm ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaqdır. Bir daha bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edir, “Bakı Enerji Həftəsi”nə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Amerika Birləşmiş Ştatlarının İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə Büronun katibinin köməkçisi Kaleb Orr çıxış edərək dedi:

- Sağ olun, Prezident Əliyev. Prezident Trampın rəhbərlik keyfiyyətləri ilə bağlı söylədiyiniz fikirlərə görə Sizə təşəkkürümüzü bildiririk və düşünürəm ki, Prezident Tramp və Dövlət katibi Rubio bundan çox məmnundur. Sizə uğurlar arzu edirik.

Hörmətli cənab Prezident, nazir Şahbazov, hörmətli Rövşən Nəcəf, nazirlər, xanımlar və cənablar.

Bu gün 31-ci “Bakı Enerji Həftəsi”ndə sizinlə burada olmaqdan çox məmnunam.

Üç onillik ərzində ABŞ və Azərbaycan Respublikası uzunmüddətli tərəfdaşlıq qurmuşdur. Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. Bizim 30 il öncə imzaladığımız “Əsrin müqaviləsi” bütövlükdə bütün neft və qaz bazarlarında vəziyyəti dəyişdi, bir çox nəsillərə xidmət etdi.

Bizim strateji tərəfdaşlığımıza dair Saziş Bakıda Vitse-prezident Vens və Azərbaycan Prezidenti Əliyev tərəfindən imzalanmışdır. Birləşmiş Ştatlar bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır. İndi isə mən ABŞ Prezidenti Donald Trampın məktubunu oxumaq istərdim.

“Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.

31-ci “Bakı Enerji Həftəsi”ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur.

Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır.

Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.

Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu “Bakı Enerji Həftəsi” münasibətilə bir daha təbriklərimi çatdırıram.

Səmimiyyətlə,

Donald Tramp”.

Qalib Or: Bir daha təşəkkür edirəm, cənab Prezident, hörmətli qonaqlar, sizə bu həftə işinizdə uğurlar arzulayıram.

x x x

Daha sonra Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanın “Bakı Enerji Həftəsi”nə məktubunu oxudu:

“Hörmətli iştirakçılar, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğu və sevgi ilə salamlayıram.

Otuz ildən artıq müddətdir qlobal enerji liderlərini, investorları və şirkətləri bir araya gətirən bu mötəbər foruma məktub göndərməklə də olsa, müraciət etməkdən böyük məmnunluq duyuram.

Regionumuzda yaşanan proseslər Azərbaycanla birlikdə enerji sahəsində atdığımız addımların nə qədər düzgün olduğunu göstərir. Bölgəmiz üçün xəyal kimi görünən bir çox meqalayihəni Azərbaycanla birlikdə uğurla həyata keçirməkdə davam edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri kimi layihələr Azərbaycanla birlikdə başlatdığımız və digər bir dost ölkə Gürcüstanın da töhfələri ilə başa çatdırdığımız layihələr arasındadır.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində tərəfdaşlığımız sayəsində Azərbaycanla əməkdaşlığımızın daha da dərinləşdiyini görürük. “Şəfəq-Asiman” yatağı üzrə yeni tərəfdaşlığımız bu əməkdaşlığımızın fasiləsiz şəkildə davam etməsinin növbəti bariz sübutudur. Ötən il istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini dəstəkləyib və möhkəmləndirib.

Türkiyə ilə Azərbaycan arasındakı elektrik bağlantıları bizim üçün strateji əhəmiyyət daşımaqdadır. İnşallah, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsinin həyata keçirilməsi ilə bütün regionumuzun enerji təhlükəsizliyinə töhfə verməyi düşünürük.

Eyni qaydada, ötən ilin avqust ayında Türkiyə və Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələri mübahisəsizdir. Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün qarşımızda böyük imkanlar mövcuddur. Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadənin daha da artmasının şahidi oluruq.

Hörmətli iştirakçılar, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla enerji sektorunun bütün istiqamətlərində səmərəliliyi və ətraf mühitə qayğını əsas götürərək məhsuldarlığı təmin etməyə yönəlmiş baxışa sahibdir. Qlobal iqlim fəaliyyəti sahəsində öncül və nümunəvi ölkələrdən biri olmaq əzmimizi bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə daha da möhkəmləndirəcəyik.

Bu fikirlərlə “Bakı Enerji Həftəsi”nin ölkələrimiz və regionumuz üçün xeyirlərə vəsilə olmasını arzulayıram. Tədbirin təşkilində əməyi olanlara təşəkkür edir, Əziz Qardaşım Prezident cənab Əliyevi və bütün iştirakçıları səmimiyyətlə salamlayıram.

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti”.

x x x

Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid çıxış edərək dedi:

-Zati-aliləri Prezident İlham Əliyev.

Zati-aliləri xanımlar və cənablar.

Mən böyük məmnunluq hissi ilə Birləşmiş Krallığı 31-ci “Bakı Enerji Həftəsi”ndə təmsil edirəm və ticarət komissarı kimi ezam olunmuşam.

İndi isə Baş nazir Kir Starmerin məktubunu oxumaq istəyirəm.

“Hörmətli Prezident Əliyev.

2026-cı ilin “Bakı Enerji Həftəsi”ndə iştirak edən hər kəsə səmimi salamlarımı yetirməkdən məmnunam. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin və dayanıqlı mövqenin gücləndirilməsində çox mühüm tərəfdaş olaraq qalır.

On səkkiz ay əvvəl COP29-da iştirak üçün Bakıya səfər etdiyimiz zaman enerji keçidinə Azərbaycanın yetirdiyi ciddi diqqət mənə dərin təəssürat bağışladı. Həmin vaxtdan etibarən planlar fəaliyyətə çevrildi və bərpaolunan mənbələrdə enerji istehsalı sürətləndi, həm quruda, həm də dənizdə yaşıl enerjinin nəqli üçün geniş həll variantları təqdim olundu. Ölkəniz Ukraynanın enerji infrastrukturuna Rusiyanın davamlı və qanunsuz hücumları qarşısında həmin ölkənin enerji dayanıqlılığının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkəniz təchizat zəncirlərinin şaxələndirilməsi yolu ilə öz enerji dayanıqlılığını formalaşdırmaq məqsədilə Avropa ölkələrinə imkanlar yaratdı. Həmçinin ötən il ölkəniz Sizin uzunmüddətli sülhə sadiqliyinizi gücləndirərək Ermənistana enerji ixracına başladı.

Ortaq iqlim məqsədlərinə doğru çalışdığımız bir vaxtda Birləşmiş Krallıq iqlimə müqavimətimizi gücləndirmək və 2050-ci ilə qədər xalis sıfra nail olmaq məqsədilə bu hökumətin planları üçün çox vacib olan qlobal enerji keçidini sürətləndirmək naminə Azərbaycanla çiyin-çiyinə işləməyə sadiq qalır. Britaniyanın sənayesi başda olmaqla, bizim uzunmüddətli enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin təməl daşı rolunu oynayacaq, hər iki iqtisadiyyatda artımı sürətləndirən amil kimi davamlı xidmət edəcək. Bərpaolunan enerji və təmiz texnologiyalar sahəsində ekspert bacarıqlarımızı birləşdirərək, biz xalis sıfra nail olmaq və çiçəklənən, davamlı gələcəyi təmin etmək baxımından zəruri olan innovasiyanı inkişaf etdirə bilərik.

Bu təşəbbüs üçün göstərdiyiniz liderlik keyfiyyətlərini alqışlayır, Sizə və bütün iştirakçılara olduqca məhsuldar və uğurlu tədbir arzu edirəm.

Kir Starmer

Britaniyanın Baş naziri”.

x x x

Tədbir digər çıxışlarla davam edib.

Sonra “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirilib.

Daha sonra bir sıra sənədlər imzalanıb.

Prezident İlham Əliyev sərginin xatirə kitabını imzalayıb.

Dövlətimizin başçısı sərgilərlə tanış olub.

***

12:00

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

APA xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

***

10:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir.

APA xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edib.