AİB sədri: Açıq havada satılan ət və toyuq ölüm riskidir

Həkimlər belə bu xəstəliklərin səbəbini tapa bilmirlər

Soyuq zəncir pozulur, virus və bakteriyalar qidaların içində sürətlə artır

 

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Yasamal bazarı"na və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz həyata keçirilən küçə satışı yerlərinə baxış keçirib.

AQTA-nın məlumatında bildirilib ki, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə, soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.

Qeyd edilib ki, bazar rəhbərləri qida məhsullarının satışını təhlükəsiz şəkildə təmin etməlidirlər. Bunun üçün bazarda müvafiq şərait qurulmalıdır.

“İnşaatçılar” metrostansiyasının yaxınlığında qanunsuz küçə satışı piştaxtalarında yüksək riskli qida məhsullarının (balıq, toyuq, turşu, kərə yağı, süd və süd məhsulları) antisanitar şəraitdə, temperatur rejiminə və saxlanma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Qeyd edilib ki, yüksək riskli qida məhsullarının natəmiz şəraitdə küçədə, yol kənarında satışı insan həyat və sağlamlığı üçün təhlükə törədir. Mənşəyi məlum olmayan, təhlükəsizlik göstəriciləri şübhə doğuran bu cür məhsulların istehlakı tövsiyə olunmur. Agentlik qanunsuz küçə ticarətinin qarşısının alınması üçün aidiyyəti qurumlara müraciət edir. Bu cür tədbirlər digər ünvanlarda da həyata keçiriləcək.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında deyib ki, bütün qidalar soyuq zəncir üzrə hərəkətdə olmalıdır. Onun sözlərinə görə, küçə ticarəti insan sağlamlığına zərər vurur, epidemioloji təhdid yaradır.

“Saxlanma şəraitinə görə ət, toyuq, balıq tez xarab olan məhsullar sayılır. Ona görə də bu məhsulların düzgün saxlanılması və satışa çıxarılması əsas şərt hesab olunur. Küçədə, açıq şəraitdə satılan qidalar temperatur dəyişikliyinə, çirklənməyə məruz qalır. Sözügedən məhsulların tərkibində insanların sağlamlığı üçün zərərli olan virus və bakteriyalar yaranır. Eyni zamanda da açıqda olduğu üçün satışı təşkil edən insanların sanitar gigiyena normalarına əməl etmədiyi təqdirdə qida fiziki çirklənməyə məruz qalır və qəbulu zamanı həzm orqanlarının zədələnməsinə gətirib çıxarır. Ət və ət satışı ilə məşğul olan satış nöqtələri mütləq şəkildə soyuducularla təchiz olunmalıdır. Əgər məntəqə meyvə və tərəvəz yeridirsə, vətəndaş orada ət, toyuq da satmaq istəyirsə, o zaman oraya mütləq soyuducu qoyulmalıdır. Əgər soyuducu yoxdursa, o zaman insanlar belə yerlərdən ət və ət məhsulları almamalıdırlar.

Küçə piştaxtalarında, toz-torpaq içində satılan məhsullar qəfil olmasa da, orqanizmin tədricən zəhərlənməsinə və ölümcül xəstəliklərə səbəb olur. Bu xəstəliklərin mənşəyini heç həkimlər də tapa bilmirlər”.