Arıçıların xərçəng xəstəliyinə tutulma halları nadirdir - Apiterapist

Seyfəddin Əsəd: "Düzgün tətbiq olunan arı terapiyası və arı məhsulları insan sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında əvəzsiz rol oynayır"

Lənkəran rayonunda Azərbaycanda ilk dəfə Arı Terapiyası Evi yaradılıb. Bu maraqlı yeniliyə Lənkəran şəhərinin Kosalar kənd sakini Teymur Əliyev tərəfindən imza atılıb. Xüsusi şəkildə inşa edilən Arı Terapiyası Evinin daxilində 11 arı ailəsi yerləşdirilib. Məkana daxil olan şəxslər burada təxminən 2 saat ərzində uzanaraq dincəlməli və yatmalıdırlar.

Terapiya əsasən yaz və yay ayları üçün nəzərdə tutulub. Müalicə prosesi zamanı insanlar arı südü, propolis və balın təbii qoxuları ilə zənginləşdirilmiş havada nəfəs alırlar. Hava xüsusi havalandırma sistemi vasitəsilə arı pətəklərindən birbaşa otağın içinə ötürülür. Arıçı bildirir ki, bu üsul asma, bronxit, allergiya, xroniki baş ağrıları və ağciyər xəstəliklərinin müalicəsində misilsiz fayda verir.

Qeyd olunur ki, terapiya zamanı insanlar arıları görmür və onlarla birbaşa təmasda olmurlar. Arılar evin çöl hissəsində yerləşən xüsusi girişlər vasitəsilə öz yuvalarına girib-çıxırlar. Yalnız pətəklərdəki təbii qoxular havalandırma yolu ilə içəri daxil olaraq insanlara şəfa verir. Teymur Əliyevin sözlərinə görə, bu metoddan dünyanın bir çox ölkələrində geniş istifadə olunur və alternativ müalicə üsulu kimi tanınır. Arı Terapiyası Evi iki nəfər üçün nəzərdə tutulub və tam təhlükəsiz şəraitdə fəaliyyət göstərir. Layihənin əsas məqsədi insanların sağlamlığına töhfə verməklə yanaşı, təbii şəfa mənbəyi olan arıların və arı təsərrüfatlarının qorunmasına da diqqət çəkməkdir. 

 “Sherg.az” xəbər verir ki, apiterapist və xalq təbabəti üzrə müalicə mütəxəssisi Seyfəddin Əsəd bildirib ki, arı terapiyası ( Apiterapiya) insan sağlamlığına faydalı təsiri olan qədim və elmi əsasları olan bir müalicə üsuludur. Həkim qeyd edib ki, son illərdə aparılan elmi araşdırmalar göstərir ki, uzun müddət istifadə etdiyimiz bəzi dərmanlar sonradan xərçəng xəstəliyi və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilir, lakin təbii üsullarla edilən müalicələrdə bu cür fəsadlar müşahidə olunmur:

“Təsadüfi deyil ki, ötən əsrlərdə bu gün geniş yayılan bir çox xəstəliklər demək olar ki, mövcud deyildi. Bunun əsas səbəbi insanlar arasında təbii müalicə üsullarına, düzgün qidalanma və həyat tərzinə üstünlük verilməsi idi. Apiterapiya, yəni arı terapiyası elmdə qədim bir müalicə üsulu kimi tanınır və əsrlər boyu müxtəlif xəstəliklərin qarşısını almaqda və müalicəsində istifadə olunub. Lakin təəssüf ki, müasir dövrdə bu terapiya geniş yayılmayıb, onun tətbiqi çətindir və xüsusi peşəkarlıq tələb edir. Əks halda arı sancması ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər.

Arıterapiyasının effektivliyi onun tərkibindəki 300-dən artıq qiymətli bioaktiv maddə ilə bağlıdır. Bu maddələr arasında ağrı-kəsicilər, antibakterial komponentlər, immunitet gücləndiricilər və digər sağlamlığa faydalı elementlər mövcuddur. Arı zəhəri insan sağlamlığı üçün nadir dərəcədə faydalı təsir göstərir və bu baxımdan ikinci dərman yoxdur. Hətta deyərdim ki, arı zəhəri ilan zəhərindən 300 dəfə güclüdür. Arı zəhəri allergiyası olmayan insanlar üçün təhlükəsizdir və milliqramla ölçülür, yəni düzgün dozada tətbiq olunduqda ciddi fəsad yaratmır. İlan zəhərinin miqdarı çox olduğundan onun sancması bəzən ölümə səbəb olur. Mən gəncliyimdə revmatizm xəstəliyindən əziyyət çəkirdim, lakin Apiterapiya sayəsində tam sağaldım. Bu gün xəstələrimə də eyni terapiyanı məsləhət görürəm. Mən bir həkim kimi Göydə Allaha, yerdə ata-anama və arılara minnətdaram”.

Apiterapist arı məhsullarının müxtəlif sahələrdə təsirlərinə toxunub. Onun sözlərinə görə, miqren xəstəliyinin müalicəsində də arı zəhəri çox mühüm rol oynayır:

“Arı zəhəri həmçinin bədənin bütün nahiyələrindəki ağrıların azalmasına, boyun arxasındakı kirənclənmələrin əriməsinə kömək edir. Arı südü isə immuniteti gücləndirir və orqanizmin inkişafını sürətləndirir. Bal bütün infeksion xəstəliklərin, o cümlədən tənəffüs orqanları, göz, qulaq və oynaq ağrılarında ən təsirli məlhəm rolunu oynayır. Arının ölüsü belə dərmandır. Ölmüş arıların dəmləməsi oynaq ağrılarının müalicəsində istifadə olunur”.

 Seyfəddin Əsəd əlavə edib ki, arıçılar arasında xərçəng xəstəliyinə tutulma halları nadirdir və dünyanın ən uzunömürlü insanları arasında onlara rast gəlinir:

"Bu, Apiterapiyanın həm profilaktik, həm də müalicəvi əhəmiyyətini göstərir. Düzgün tətbiq olunan arı terapiyası və arı məhsulları insan sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında və ümumi fiziki inkişafın təmin edilməsində əvəzsiz rol oynayır".