Azərbaycanda qızılca halları yenidən qeydə alınır.
Pediatr Elşən Tağıyev “Sherg.az”a bildirib ki, son günlər ölkəmizdə bir neçə şəxsdə qızılca (measles) diaqnozu laborator təsdiqlə müəyyən edilib. Onun fikrincə bu vəziyyət qızılca barədə maarifləndirməni və peyvəndləmənin əhəmiyyətini aktuallaşdırır: 
“Qızılca Paramyxoviridae ailəsinə aid RNA virusu tərəfindən törədilən, hava- damcı yolu ilə yayılan, yüksək yoluxuculuğa malik kəskin infeksion xəstəlikdir. Qızılca adətən yüksək hərarət, öskürək, burun axıntısı, konyunktivit və ümumi halsızlıqla başlayır. Bu mərhələ prodromal dövr adlanr və 3-5 gün davam edir. Dəri səpgiləri qızılcanın əsas əlamətidir. Makulopapulyoz sıpgilər əvvəl üz və qulaq arxasından başlayır, daha sonra gövdə və ətraflara yayılır. Səpgilər adətən yüksək hərarətlə müşayiət olunur. Qızılca ciddi ağırlaşmalar yarada bilər. Xəstəlik pnevmoniya, otit media, ağır ishal, ensefalit və nadir hallarda ölüm riski ilə nəticələnə bilər. 5 yaşdan kiçik uşaqlar xüsusi risk qrupundadır. Qızılca immun sistemini zəiflədir. Elmi tədqiqatlar göstərir ki, qızılca sonrası “immun amneziya”inkişaf edə bilər və bu, uşağın digər infeksiyalara həssaslığını artırır. Ən effektiv qorunma yolu- peyvənd Qızılcaya qarşı MMR (qızılca-məxmərək-parotit) peyvəndi yüksək effektivliyinə malikdir və həm xəstəliyin, həm də ağırlaşmaların qarşısını alır. Azərbaycanda qızılca Milli Peyvənd Təqviminə uyğun olaraq 12 aylıqda və 6 yaşda iki doza şəklində tətbiq olunur. Peyvənd cəmiyyəti qoruyur. Peyvəndləmə yalnız fərdi deyil, kollektiv immunitet yaradır və peyvənd oluna bilməyən körpələri də qoruyur”.
Pediatr valideynlərə tövsiyyə edib ki, uşağın peyvənd statusunu yoxlatdırsınlar. Şübhə və ya gecikmə varsa, mütləq pediatra müraciət etsinlər. Qızılcanın qarşısını almaq yalnız peyvəndlə mümkündür.