Qopan barmaq 14 saat sonra yerinə tikilib və nəticə sevindirici olub
Xaricdə quşları üçün dam hazırlamaq istəyən şəxsin barmağı metal hissə arasında sıxılaraq dırnaq səviyyəsindən qopub. Qopan barmağını buz paketləri ilə soyuq şəraitdə saxlayaraq Türkiyəyə gələn kişinin barmağı 14 saat sonra yerinə tikilib və nəticə sevindirici olub.
Sherg.az xəbər verir ki, Bolqarıstanda yaşayan 55 yaşlı Sayit Karataş çox sevdiyi göyərçinləri üçün daha təhlükəsiz qəfəs hazırlamaq istəyib. Külək və ya iri heyvanların zədələməməsi üçün metal konstruksiya qurarkən barmağı metal hissələr arasında sıxılıb və orta barmağı dırnaq səviyyəsindən qopub. İlkin tibbi müdaxilədən sonra müraciət etdiyi xəstəxanalarda barmağın yerinə tikilməsinin mümkün olmadığı, yalnız uc hissənin toxuma əlavə edilərək bağlana biləcəyi bildirilib.
Karataş isə qopan barmağın mikrob tutmaması və hüceyrələrin ölməməsi üçün onu buzla doldurulmuş paketlərdə saxlayıb.
600 kilometr yol qət edən Karataş yaşadıqlarını barmağı yerinə tikən həkimlə birlikdə belə izah edib:
“Göyərçinlər üçün dam düzəldərkən barmağım metalın arasında qaldı. İlk müdaxilə üçün yaşadığımız şəhərdə xəstəxanaya getdik, amma müsbət cavab almadıq. Daha sonra Sofiyada edilə biləcəyini dedilər. Orada da yalnız qopan hissənin tikilməyəcəyini, ətrafdan toxuma götürülərək bağlana biləcəyini söylədilər. Bu bizi qane etmədi. Tanışlarımız vasitəsilə həkimlə əlaqə saxladıq, o da sınaya biləcəyini dedi. Biz də riski qəbul edib xəstəxanaya gəldik. Barmağı gətirərkən gigiyenik şərtləri qorumağa çalışdıq, buzun içində saxladıq. Bolqarıstandan Bursaya gələnədək eyni qaydada buz paketində tutduq, buz əridikcə yenisini aldıq və daim soyuq saxlamağa çalışdıq.”
Plastik və Rekonstruktiv Cərrahiyyə üzrə mütəxəssis Furkan Karabulut bildirib:
“Əvvəlcə qopan hissənin canlılığını əməliyyat otağında qiymətləndirdik və yerinə tikilməsinin mümkün olduğunu gördük. Hadisədən 14-15 saat keçdiyi üçün uğur ehtimalının aşağı ola biləcəyini xəstəyə izah etdik. Buna baxmayaraq, ona bir şans vermək istədik. Təxminən bir həftədir gündəlik nəzarət edirik və barmağın qan dövranını təmin etmişik. Bu əməliyyat sayəsində xəstəmizin barmağını gələcəkdə həm estetik, həm də funksional baxımdan əvvəlki kimi istifadə edə biləcəyini düşünürük.”