“Botoks etdirənin beyni işləməz” iddiası doğrudurmu?

 Son illərdə estetik səbəblərlə yanaşı tibbi problemlərin müalicəsi üçün də geniş istifadə olunan botoks, bəzi insanlar arasında “Botoks etdirənin beyni işləməz” iddiasına səbəb olub. Lakin mütəxəssislər bu iddia ilə bağlı fərqli fikirdədirlər.

 Sherg.az xəbər verir ki, botoksun tibbi adı botulinum toksindir və əsas məqsədi əzələlərin həddindən artıq sıxılmasını müvəqqəti olaraq dayandırmaqdır. Dermatoloq, dosent Seçil Vural bildirir ki, botoks yalnız qırışların müalicəsi, diş sıxılması, “gummy smile” və həddindən artıq tərləmə kimi hallarda istifadə olunur. “Məqsəd üz ifadəsini dondurmaq deyil, insana daha təbii və dinclik verən görünüş qazandırmaqdır,”-deyə o əlavə edir.

Doç. Dr. Vural vurğulayır ki, botoksun beyinə təsiri yoxdur. “Bu, yalnız tətbiq olunan əzələləri müvəqqəti boşaldır. Zəka, yaddaş və düşünmə qabiliyyətinə heç bir təsir etmir. Bu iddia sadəcə şəhər əfsanəsidir,”-deyə açıqlayıb.

Təhlükəsizlik və tətbiq qaydaları

Botoks hamilələr, süd verən analar, nevromuskulyar xəstəlikləri olan şəxslər və tətbiq sahəsində aktiv infeksiyası olan insanlar üçün tövsiyə edilmir. Ümumiyyətlə prosedur təhlükəsizdir və yan təsirlər nadir hallarda yüngül olur: tətbiq sahəsində qızartı, kiçik göyərmə və qısa müddətli baş ağrısı müşahidə edilə bilər.

Prof. Dr. Zekayi Kutlubay bildirir ki, botoks yalnız dermatoloq və ya plastik cərrahiyyə mütəxəssisi tərəfindən steril şəraitdə tətbiq edilməlidir: “Düzgün doza və texnika ilə ciddi problem gözlənilmir. Botoks həm estetik, həm də funksional faydaları olan təhlükəsiz bir müalicə üsuludur”..

Botoks davamlı tətbiq tələb edirmi?

Doç. Dr. Vural izah edir ki, botoksun təsiri ortalama 3-6 ay davam edir və əzələlər həmin müddət ərzində dincəlir. “Botoks kasları zəiflətmir, üzü çökməyə səbəb olmur. İstəyən şəxs təsir keçəndə yenidən etdirə bilər, istəmirsə dayandıra bilər,” - deyə bildirib.

Mütəxəssislər yekun olaraq bildirirlər ki, botoksun beyin funksiyalarına təsiri yoxdur və “Botoks etdirənin beyni işləməz” iddiası sadəcə yanlış və əsassız bir söyləntidir.