"Ən pis ssenari" deyərək elan etdilər

 Super qrip dalğasında 55 faiz artım müşahidə olunur

İngiltərədə H3N2 mənşəli "super qrip" halları rekord səviyyəyə yüksələrək xəstəxanaları “ən pis ssenari” ilə üz-üzə qoyub. NHS, reanimasiya şöbələrində doluluğun sürətlə artdığını bildirərək əhaliyə təcili qrip vaksinasiya çağırışı edib.

Sherg.az xəbər verir ki, İngiltərə mərkəzli “Metro” qəzetinin məlumatına görə, keçən həftə ölkədə hər gün orta hesabla 2 min 660 nəfər qrip səbəbi ilə xəstəxanaya yerləşdirilib. Bu rəqəm ilin bu dövrü üçün indiyədək qeydə alınmış ən yüksək göstəricidir və əvvəlki həftə ilə müqayisədə 55 faiz artım deməkdir.

NHS rəsmiləri “Hələ qripin zirvəsini görmürük” deyərək, tibb personalının imkanlarının son həddə çatdığını bildiriblər.

NHS-in Milli Tibbi Direktoru professor Mehana Pandit belə deyib:

“Təcili yardım və təcili tibbi xidmət tələbləri rekord səviyyədədir. Həkimlərin tətili də yaxınlaşdığı bir vaxtda bu misilsiz super qrip dalğası NHS-i ilin bu dövrü üçün ən pis tablo ilə üz-üzə qoyur.”

Keçən həftə İngiltərədə kritik baxım çarpayılarında qrip səbəbi ilə 106 xəstə yatırdı. Bu rəqəm əvvəlki həftədə 69 idi. Artıq ən azı altı xəstəxana “kritik vəziyyət” elan edib.

Bəzi xəstəxanalarda qayıdış olaraq maska tətbiqi yenidən məcburi edilib - həm personal, həm də xəstələr üçün.

Mütəxəssislər, bu il qripin xüsusilə ağır keçməsinin səbəbi kimi H3N2-nin “subclade K” adlı mutasiyaya uğramış yeni növünü göstərirlər. Son illərdə insanların bu növlə çox az təmasda olduqları üçün immunitetin aşağı olduğu bildirilir.

NHS, yoluxma sayındakı sürətli artım səbəbi ilə əhaliyə təcili şəkildə aşılanma çağırışı edib.

Lakin “Metro”nun xəbərinə görə, Londonda qrip vaksini tapmaq çətinləşib, bir çox aptek stok çatışmazlığı səbəbindən yeni pasiyent qəbul etmir.