İnsult xəstəliyi adətən yaşlılara aid edilsə də, son illər gənclər arasında da daha tez-tez rast gəlinir. Mütəxəssislər bildirirlər ki, 30 yaşdan aşağı şəxslərdə insult riski stress və siqaret istifadəsi səbəbindən artıb. Dünyada hər il 12 milyon insan insult keçirir, Türkiyədə isə bu rəqəm 150 min nəfərə çatır.
Sherg.az xəbər verir ki, İnsultun əsas əlamətləri arasında şiddətli baş ağrısı, ürəkbulanma, bədəndə qıcolmalar, qol və ayaqlarda qismən və ya tam iflic halları yer alır.
İstanbulda beşinci dəfə təşkil olunan Beyin Simpoziumunda müasir müalicə üsulları müzakirə olunub. NTV-yə danışan Fiziki Təbabət və Neyroreabilitasiya üzrə mütəxəssis professor Engin Çakar qeyd edib:
“Hərəkətsizlik, həddindən artıq alkoqol qəbulu, siqaret - xüsusilə son dövrlərdə elektron siqaret istifadəsi bu riski artırır. Adətən bir tərəfli iflic yaradır, lakin qanaxma olduqda qəfil şok və huşun itməsi də baş verə bilər.”
İnsult artıq gənclər arasında da müşahidə olunur. Onlardan biri hazırda universitetin üçüncü kursunda oxuyan Sude Yılmazdır. 16 yaşında insult keçirən Yılmaz belə deyib:
“Beyin qanaxması keçirməyimdən təxminən 6 il ötüb, amma müalicələrim davam edir. Günbəgün daha yaxşı oluram, mübarizə aparıram və heç vaxt vaz keçməmişəm. İçimdə bir sarsıntı olsa da, təslim olmamağa çalışıram.”
İnsultda irsi faktorlar da mühüm rol oynayır. Havva Yapıcı və Eser Küçük bacı-qardaşları 7 il arayla insult keçiriblər. Eser Küçük yaşadıqlarını belə xatırladıb:
“Hamamda yıxılıb qalmışdım, ailəm məni tapdı. 38 gün reanimasiyada qaldım. Şükürlər olsun ki, indi yaxşıyam. İndi isə bacım xəstələnib, onu gətirmişik.”
Mütəxəssislər vurğulayırlar ki, insultda erkən müdaxilə həyat xilas edir.