“Keçər” deməyin! Onurğa sınıqları qış aylarında artır

Müasir dövrdə hərəkətsiz (sedentar) həyat tərzi, yaş artdıqca əzələ və sümük kövrəkliyinin sürətlənməsi ilə birləşərək xüsusən 60 yaşdan yuxarı insanlarda ciddi sağlamlıq problemi olan sümük əriməsinə bağlı onurğa sınıqlarının artmasına səbəb olur. Sherg.az xəbər verir ki, beyin və sinir cərrahiyyəsi üzrə Türkiyəli mütəxəssis, dosent Ali Erhan Kayalar sümük əriməsinə bağlı onurğa sınıqları və onların müalicəsi ilə bağlı açıqlamalar verib.

Onurğa sınıqları ən çox qadınlarda rast gəlinir

İstirahətə baxmayaraq azalmayan, qəfil başlayan bel ağrıları və “düşmə sayılmaz” deyilən sadə büdrəmədən sonra onurğa sınığı diaqnozu qoyulanların sayı son illərdə sürətlə artır. Dosent Kayalar bildirir ki, xüsusən menopauzadan sonra sümük və əzələ itkisi kəskinləşir, buna hərəkətsizlik və irəliləyən yaş da qoşulduqda onurğa sınıqları ən çox qadınlarda müşahidə olunur. O vurğulayır ki, dünya üzrə 60 yaşdan yuxarı həm qadınlarda, həm də kişilərdə ciddi problemə çevrilən onurğa sınıqları həyat keyfiyyətini ciddi şəkildə azaldır, müalicədə gecikmə isə asılı yaşama səbəb olur.

Quyruq sümüyü sınıqlarına tez-tez rast gəlinir

Sağlam onurğa üçün sümük keyfiyyəti qədər onurğanı əhatə edən əzələlərin də güclü olmasının vacibliyini qeyd edən dosent Kayalar bunun əsas şərtinin müntəzəm fiziki aktivlik və sağlam qidalanma olduğunu deyir. Son illərdə hərəkətsiz həyat tərzinin üstünlük təşkil etməsi, diz və bud-çanaq ağrıları səbəbindən yaşlıların daha az hərəkət etməsi bel əzələlərini zəiflədir, nəticədə onurğa müdafiəsiz qalır və kiçik zərbələr belə sınığa yol aça bilir. Qış aylarında yaş və sürüşkən səthlərin təsiri ilə onurğa sınıqlarının daha çox görüldüyünü bildirən Kayalar, qarlı havalarda sürüşüb oturacaq üstə yıxılmalar və sakrum (quyruq sümüyü) sınıqlarının tez-tez rast gəldiyini vurğulayır. Dərman və istirahətlə keçməyən quyruq sümüyü sınıqlarında minimal invaziv cərrahi müdaxilələrlə xəstələrin rahat otura bildiyini, uzun illər oturacaq yastıqlarına möhtac qalmadıqlarını əlavə edir.

Mütləq həkimə müraciət edin

“Sadə büdrəmədir, keçər” deyib laqeyd yanaşmamağı tövsiyə edən dosent Kayalar istirahətə baxmayaraq davam edən ağrılarda mütləq həkimə müraciət edilməli olduğunu bildirir. Dərman müalicəsi yetərli olmadıqda ağrı prosedurları, daha ağır hallarda isə cərrahi müalicə tətbiq edilir. Texnologiya və tibbdə son illərdəki sürətli inkişaf sayəsində əvvəllər açıq əməliyyat tələb edən bir çox vəziyyətin artıq qapalı üsulla daha rahat, uğurlu və sürətli şəkildə müalicə olunduğunu vurğulayır.

Onurğa sınıqlarının ən çox bel və kürək keçid nahiyəsində görüldüyünü deyən dosent Kayalar müasir müalicə yanaşmasını belə izah edir: “Bu gün onurğa sınıqlarında xəstələrin böyük əksəriyyətində açıq əməliyyata ehtiyac qalmır. Sınıq sümüyün içinə xüsusi sementəbənzər dolğu maddəsi yeridilir - bu üsul vertebroplastika adlanır. Sınıqla yanaşı sümük çökməsi varsa, əvvəlcə sümüyü qaldırıb düzəldən kifoplastika texnikasından istifadə edirik. Üstəlik, xəstəni tam narkoz etmədən, yalnız nəzarətli sedasiya tətbiq edirik. Təxminən bir saat çəkən prosedurdan iki saat sonra xəstə özü yeriyə bilir, elə həmin gün axşamı, ən gec isə ertəsi səhər evə buraxılır.”